“Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən dördüncü üçtərəfli görüş baş tutdu. Bu görüşlərin davamlılığı və Avropa İttifaqının sülh prosesinin mühüm hissəsinə çevrilməsi təqdirəlayiq haldır”.
Bunu APA-ya aşıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Müşfiq Cəfərov deyib ki, Avropa İttifaqının təşəbbüsü ilə keçirilən görüşlərdə "Dağlıq Qarabağ" ifadəsi və ATƏT-in Minsk Qrupuna istinadın olmaması bir daha dövlətimizin xarici siyasətdəki böyük nailiyyəti kimi qiymətləndirilməlidir: “Görüşdə müzakirə olunan əsas məsələlər hazırda dövlətimiz üçün əhəmiyyətli olan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyi olub. Digər tərəfdən, 44 günlük müharibədən sonra erməni hərbçiləri terrora cəhdlər etmişdilər və Azərbaycan tərəfindən də adekvat tədbirlər görülərək zərərsizləşdirilmişdilər. Qarşı tərəf həmin terrorçuları əsir kimi qiymətləndirib beynəlxalq rəyi istədikləri istiqamətdə yönəltməyə çalışırdı. Lakin bu görüşdə onlar rəsmi Bakının təqdim etdiyi ifadəyə görə “saxlanılan ermənilər” adlandırıldılar. Yəni Ermənistan hakimiyyətinin beynəlxalq təşkilatlarda onları "müharibə əsirləri" kimi təqdimetmə cəhdi uğursuzluqla nəticələndi. Eyni zamanda bu görüşdə də Zəngəzur dəhlizi ilə əlaqədar çağırış edilib, nəqliyyat əlaqələri ilə bağlı blokların aradan qaldırılması istiqamətində əldə edilən nəticələr müzakirə olunub. Ən əsası isə sülh sazişinin yekunlaşması ilə bağlı ciddi mövqe ortaya qoyuldu və bir ay müddətində Xarici İşlər Nazirliyi xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olundu. Bir sözlə, Brüssel görüşü Azərbaycan üçün qələbə, Ermənistan üçün növbəti məğlubiyyətdir”.
Deputat qeyd edib ki, sərhədlərin delimitasiyası ilə bağlı növbəti görüşün noyabr ayında Brüsseldə keçirilməsi planlaşdırılır. Bu isə daha dəqiq nəticələrin əldə olunacağına əminlik yaradır: “Bugünkü nailiyyətlərin müdrik və uzaqgörən siyasətçi Prezident İlham Əliyev tərəfindən illər öncə hesablandığı aydındır”.