“Gürcüstanla Azərbaycan əsrlər boyu regionda dostluq, qardaşlıq şəraitində yaşayıblar. Kökü tarixin dərinliklərinə gedən bu əlaqələr müasir dövrdə getdikcə daha da güclənir”.
Bunu APA-ya açıqlamasında Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov deyib.
Vüqar İskəndərov bildirib ki, bu əlaqələr müasir dövrdə regionun inkişafı və əbədi sabitliyi üçün də mühüm önəm kəsb edir: “Prezidentin Gürcüstana səfəri çərçivəsində səslənən fikirlər də bunu bir daha təsdiqləyir. Xatırladım ki, oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış etdilər. Bu zaman isə hər iki lider maraqlı məqamlara toxundular. Prezident İlham Əliyev bəyan etdi ki, iki ölkənin strateji tərəfdaşlıq əlaqələri demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıb. Çünki Azərbaycanla Gürcüstan bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edir. Bu iki qonşu və dost ölkə istər ikitərəfli formatda mühüm addımlar atır, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir. İkitərəfli əməkdaşlıqdan söz düşmüşkən, bildirim ki, bu ilin 9 ayında iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Heç şübhəsiz ki, dövlət başçısının da bəyan etdiyi kimi Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr iki dövlət arasındakı əməkdaşlığı daha da gücləndirir. Məlumat üçün bildirim ki, Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir”.
Deputat qeyd edib ki, Gürcüstan-Azərbaycan əməkdaşlığını xarakterizə edən bir məqam da bir çox önəmli layihələrin reallaşdırılmasıdır: “Həmin layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Bəyan edildiyi kimi bu sırada enerji və qaz ixracı ilə bağlı məsələlər ön sıradadır. Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq fikrindədir. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Beləliklə, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, səfər çərçivəsində bu məsələ diqqət mərkəzində oldu. Yəni qaz ixracı ilə bağlı görüləcək işlər ikitərəfli formatda müzakirə olundu. Eyni zamanda bəyan edildi ki, bununla bağlı gələcək müzakirələrə ehtiyac var. Bundan başqa o da məlum oldu ki, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Azərbaycan bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyir. Təbii ki, qaz və enerji ilə bağlı əməkdaşlıq gündəliyində kifayət qədər zəngin maddələr var. Sadəcə, fikrimizi ümumiləşdirsək deyə bilər ki, dünyada enerjiyə tələbat artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə imkan verir”.