Bank Of Baku

Deputat Pərvanə Vəliyeva COP17-də iştirak edib

Deputat Pərvanə Vəliyeva COP17-də iştirak edib
# 03 sentyabr 2026 10:02 (UTC +04:00)

Deputat Pərvanə Vəliyeva BMT-in Səhralaşma üzrə Konvensiyasının 17-ci tərəflər Konfransı – COP17-də iştirak edib.

APA xəbər verir ki, Monqolustanın Ulan-Bator şəhərində keçirilən konfrans Konvensiyaya tərəf olan 196 ölkədən yüksək səviyyəli rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələrini, müvafiq sahə üzrə ekspertləri, parlamentariləri və akademik dairələrin nümayəndələrini bir araya gətirib.

COP17 çərçivəsində Yüksək Səviyyəli Parlament Forumu təşkil edilib.

Forum “Parlamentarilər üçün Qlobal Dəyişiklik Liderləri Akademiyası” (G-CAP), G20 ölkələrinin Qlobal Torpaq Təşəbbüsü (G20 GLİ), BMT Sistemi Heyəti Kolleci (UNSSC) və BMT-in Səhralaşma üzrə Konvensiyası birgə təşkilatçılığı ilə baş tutub.

Forumu Monqolustanın Ali dövlət Xuralı (Parlament) sədri cənab Sandag Byambatsogt və UNCCD-nin İcraçı katibi Yasmin Fuad açıq elan edib.

Forum çərçivəsində Pərvanə Vəliyeva qlobal miqyasda torpaqların deqradasiyası, səhralaşma, quraqlıq və su ehtiyatlarının dayanıqlı idarə olunması ilə bağlı əsas çağırışlara toxunmuş, Azərbaycan təcrübəsini təqdim edib.

Çıxışı zamanı deputat bildirib ki, Azərbaycan torpaqların idarə olunması, meşələr, ətraf mühitin mühafizəsi, biomüxtəliflik və xüsusi mühafizə olunan əraziləri əhatə edən hərtərəfli hüquqi və siyasət çərçivəsi formalaşdırıb: "Milli Quraqlıq planımız hazırlıq, risklərin azaldılması və dayanıqlılığın təmin edilməsi üçün mühüm çərçivə yaradır. Torpaqların bərpası ilə bağlı öhdəliyimiz Azərbaycanın “Bonn Challenge” çərçivəsində 2030-cu ilədək 270 000 hektar ərazinin bərpasına dair götürdüyü öhdəlikdə də öz əksini tapır".

Pərvanə Vəliyeva, həmçinin bildirib ki, Azərbaycan üçün bərpa məsələsinin işğaldan azad edilmiş ərazilərimizdə xüsusi əhəmiyyəti vardır. Minalar və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərdə torpaqların deqradasiyası, 30 ilə yaxın infrastruktura dəymiş ciddi zərər və təbii ekosistemlərə təsirlər bu ərazilərdə əhəmiyyətli ekoloji bərpa ehtiyacları formalaşdırıb: "Bu səbəbdən Azərbaycan bərpa məsələsinə inteqrasiya olunmuş landşaft bərpası kimi yanaşır. Bu yanaşma torpağı, su ehtiyatlarını, meşələri, biomüxtəlifliyi, iqlim dayanıqlılığını və dayanıqlı yaşayış vasitələrini vahid yanaşma çərçivəsində əhatə edir".

Milli Məclisin üzvü COP17 çərçivəsində COP31 Türkiyə sədrliyi ilə Rio Konvensiyaları arasında sinerji mövzusunda parlamentarilərin dəyirmi masa müzakirəsində də iştirak edib. O, ölkəmizin COP29 sədrliyi zamanı əldə etdiyi uğurlar, Yer kürəsi üçün müsbət nəticələr və iqlim diplomatiyasında böyük irs qoyması ilə bağlı fikirlərini bölüşərək, ətraf mühitlə əlaqəli qanunların təkmilləşdirilməsində, qlobal öhdəliklərin yerli səviyyədə implementasiyasında deputatların vacib rolunu vurğulayıb. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının COP29 sessiyasına və ən böyük Ümumdünya Şəhər Forumuna (WUF13) uğurlu ev sahibliyi etməklə iqlim dəyişmələri, dayanıqlı urbanizasiya sahəsində öz öhdəliklərinə sadiqliyini nümayiş etdirməklə yanaşı, bu sahədə öz müsbət təcrübələrini bölüşüb.

Monqolustanın Ali dövlət Xuralı (Parlament) sədri cənab Sandag Byambatsogt dəvəti ilə “BMT-in Parlamentarilər üçün Qlobal Dəyişiklik Liderləri Akademiyasının iştirakçısı olan 24 ölkədən 25 parlamentari Parlamentdə olub, onun işi ilə tanış olub, müzakirələr aparıb. Sonda isə parlamentarilər təltif olunub.

Qeyd edək ki, Konfrans çərçivəsində Azərbaycan Respublikası COP17 Bürosunun Mərkəzi və Şərqi Avropa Regional Qrupundan üzvü və COP17-nin vitse-prezidenti seçilib, eyni zamanda Azərbaycan nümayəndə heyəti plenar müzakirələrə sədrlik edib. Bununla yanaşı, Azərbaycanın Mərkəzi və Şərqi Avropa Regional Qrupunda 2024–2026-cı illəri əhatə edən sədrliyi uğurla başa çatıb. Yeni sədrin seçilməsinin mümkün olmaması səbəbindən regional qrupun yekdil qərarı ilə Azərbaycanın həmsədr qismində fəaliyyətini davam etdirməsi barədə razılıq əldə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR