“Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində Azərbaycan və Ermənistan arasında bir neçə ay ərzində sülh sazişinin yekunlaşdırılıb imzalana biləcəyini bəyan etdi. Beləliklə, Azərbaycan Prezidenti Ermənistana və beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesaj verdi”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
Cavid Osmanov deyib ki, 2020-ci il 10 noyabrda imzalanmış və Ermənistan üçün faktiki kapitulyasiya aktı olan üçtərəfli Bəyanatdan sonrakı dövrdə Ermənistanın dağıdıcı fəaliyyətini və davranışlarını davam etdirməyə cəhd etsə də, “Dəmir Yumruq” siyasəti real nəticələr verməkdədir: “Brüsseldə keçirilən Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın Baş naziri arasında üçtərəfli görüşdə razılığa gəlinib ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Ermənistanın buna razılıq verməyə razı salınması Prezident İlham Əliyevin Brüssel təmaslarında daha bir diplomatik qələbəsidir. Bu, həm də Azərbaycanın İkinci Qarabağ müharibəsinin bitməsindən dərhal sonra irəli sürdüyü təklif olub. Dövlət başçısının da qeyd etdiyi kimi, bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu. Bu, həm də Brüssel görüşünün ən mühüm nəticəsidir. Bu aspektdə Ermənistan Azərbaycanın sülh sazişi ilə bağlı irəli sürdüyü beş prinsipi qəbul edib. Bu da onu deməyə əsas verir ki, əgər Ermənistan hakimiyyəti reallıqları və ölkənin inkişafını şərtləndirəcək amilləri nəzərə alaraq iradə nümayiş etdirəcəksə, qısa müddət ərzində sülh sazişinin imzalanması realdır”.
Deputat qeyd edib ki, Azərbaycan, Ermənistan və digər qonşularımızı birləşdirən infrastrukturun yaradılması məsələsi müharibənin bitməsindən sonra imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb. Azərbaycan azad olunmuş ərazilərdə artıq irimiqyaslı infrastruktur layihələrinin icrasına başlayıb: “Azərbaycan Füzuli Beynəlxalq Hava Limanını istifadəyə verib, Zəngilan hava limanının uçuş-enmə zolağı artıq fəaliyyət göstərir və tezliklə hava limanının açılışı olacaq. Azərbaycan azad olunmuş ərazilərdə elektrik stansiyaları tikib və elektrik xətləri çəkib, avtomobil yolları, tunellər, körpülər və dəmir yolları inşa edib. Azərbaycan Prezidentinin müsahibədə vurğuladığı kimi, Azərbaycan bu işləri yalnız qonşular ilə bağlılığı təmin etmək və daxili istifadə üçün görmür. Bu səylər, həmçinin Ermənistan vasitəsilə Azərbaycanı özünün Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin icrasına yönəldilib”.