Bank Of Baku

Estoniya parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri: Azərbaycanla əməkdaşlıq üçün çox böyük potensial görürük – MÜSAHİBƏ

Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mihkelson

© APA | Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mihkelson

# 07 oktyabr 2026 17:11 (UTC +04:00)

Azərbaycan və Estoniya siyasi, iqtisadi və parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanları nəzərdən keçirir. Cənubi Qafqazda son dövrdə baş verən proseslər isə regional sülh, bağlantılar və beynəlxalq tərəfdaşlıq üçün daha geniş perspektivlər açır.

Bu məsələləri daha ətraflı müzakirə etmək üçün APA İnformasiya Agentliyi Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mihkelsondan müsahibə alıb. Söhbət zamanı ikitərəfli münasibətlər, Azərbaycan–Avropa İttifaqı əlaqələri, regional təhlükəsizlik və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

– Azərbaycan və Estoniya arasında parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxın gələcəkdə hansı konkret addımların atılmasını gözləyə bilərik?

– Çox konkret addımlardan biri hazırda Bakıya etdiyimiz səfərdir. Artıq qeyd etdiyim kimi, sonuncu dəfə 22 il əvvəl burada olmuşduq. Ona görə də hesab edirəm ki, indi əməkdaşlığımızı gücləndirmək və daha da inkişaf etdirmək üçün tam uyğun zamandır. Bu səfərin özü əlaqələri yeniləmək, mövcud münasibətləri möhkəmləndirmək və parlamentlərimiz arasında gələcək əməkdaşlıq üçün daha fəal çərçivə yaratmaq baxımından mühüm imkandır.

Bilirəm ki, gələn ay, noyabrda Tallindən olan dostluq qrupumuz da Bakıya, Azərbaycana səfər edəcək. Ümid edirəm ki, bu gün də qeyd etdiyim kimi, çox yaxşı dostum cənab Səməd Seyidova həmkarları ilə birlikdə Estoniyaya səfər etmək üçün dəvət göndərmişəm. Düşünürəm ki, bu cür qarşılıqlı səfərlər müntəzəm əlaqələri qorumağa və birbaşa parlament dialoqu üçün daha çox imkan yaratmağa kömək edə bilər.

Buna görə də, əməkdaşlıq üçün çox böyük potensial gördüyümü əminliklə deyə bilərəm. Bu, təkcə xarici əlaqələr komitələri və ya dostluq qrupları arasında deyil, daha spesifik sahələrdə də mümkündür. Məsələn, iqtisadi məsələlərlə və ya sosial sahə ilə məşğul olan komitələr arasında əməkdaşlıq qurula bilər. Bu sahələrdə hər iki tərəf öz təcrübəsini bölüşə və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edə bilər.

Şübhəsiz, bir-birimizdən öyrənmək, təcrübə mübadiləsi aparmaq və parlament əməkdaşlığını daha geniş sahələrdə inkişaf etdirmək üçün kifayət qədər imkan və potensial mövcuddur.

– Sizcə, Azərbaycan və Estoniya arasında əməkdaşlığın hansı sahələri ən böyük potensiala malikdir? İkitərəfli münasibətlərdə hansı sektorlara daha çox diqqət yetirilməlidir?

– Hesab edirəm ki, əməkdaşlığa bir neçə müxtəlif istiqamət üzrə baxmaq olar. Əlbəttə, logistika, enerji əməkdaşlığı və enerji təhlükəsizliyi, eləcə də bu sahələrdə müasir və yeni texnologiyalardan istifadə kimi daha ənənəvi istiqamətlər mövcuddur. Bunlar artıq əməkdaşlıq üçün aydın bazanın olduğu və hər iki ölkənin daha fəal şəkildə birlikdə işləmək üçün əlavə imkanlar axtara biləcəyi sahələrdir.

Lakin Estoniyanın xüsusilə uğurlu olduğu, bəzi hallarda isə hətta qlobal liderə çevrildiyi digər sahələr də var. Mən xüsusilə informasiya texnologiyalarını və müasir texnologiyalardan cəmiyyətin modernləşdirilməsi, dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaşlarla hökumət arasındakı qarşılıqlı əlaqənin daha asan, sürətli və səmərəli hala gətirilməsi üçün istifadəni nəzərdə tuturam. Estoniya bu sahədə kifayət qədər böyük təcrübə toplayıb və hesab edirəm ki, Azərbaycanla mümkün əməkdaşlıq sahələrinə baxarkən bu təcrübə də aktual ola bilər.

Eyni zamanda, təbii ki, maraq göstərmək və konkret imkanları müəyyən etmək biznesin özündən də asılıdır. Lakin hökumətin, səfirliyin, diplomatların və həmçinin biz parlamentarilərin rolu zəruri imkanları yaratmaq və biznes ictimaiyyəti üçün yol açmaqdır. Bizim vəzifəmiz şirkətlərin maraqlı imkanlar tapa, əlaqələr qura, birlikdə işləyə, sərmayə yatıra və nəticə etibarilə bu əməkdaşlıqdan faydalana biləcəyi şəraitin yaradılmasına kömək etməkdir.

Buna görə də hesab edirəm ki, həm ənənəvi sektorlarda, həm də texnologiya, rəqəmsallaşma və modernləşmə ilə bağlı yeni sahələrdə kifayət qədər böyük potensial mövcuddur. Bizim məsuliyyətimiz isə bu imkanları hər iki tərəfdə biznes və digər tərəfdaşlar üçün daha əlçatan etməyə kömək göstərməkdir.

– Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Estoniyanın Cənubi Qafqazla siyasi və iqtisadi əlaqələri, nəqliyyat bağlantıları və regional təhlükəsizlik baxımından hansı yeni imkanları yarada bilər? Estoniya belə bir sülhdən hansı sahələrdə faydalana bilər?

– Bu, təkcə bizim üçün deyil, ilk növbədə Azərbaycan üçün çox yaxşı xəbərdir. Xüsusilə son bir neçə ildə bu regionda baş verənləri nəzərə alsaq, ərazi bütövlüyünün bərpası, əlbəttə ki, regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində mühüm irəliləyişdir. Bu isə xarici qüvvələrin Cənubi Qafqazdakı vəziyyətdən manipulyasiya məqsədilə istifadə etmək imkanlarını getdikcə azaldır.

Əlbəttə ki, Ermənistanla Azərbaycan arasında imzalanacağına ümid etdiyimiz sülh müqaviləsinin möhkəmləndirəcəyi sülh və sabitlik beynəlxalq səviyyədə əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etməsinə imkan yaradacaq. Estoniya, dediyim kimi, Azərbaycanda daimi nümayəndəliyini, səfirliyini açmaqla yanaşı, eyni zamanda Ermənistanda da bunu edir. Bu, Azərbaycanla əməkdaşlığın gücləndirilməsinin bizim üçün nə qədər vacib olduğunu göstərir. Ümid edirəm ki, xarici işlər nazirimizi bu ay müşayiət edəcək biznes nümayəndə heyəti də yeni imkanlar axtaracaq.

Daha sonra, noyabrın əvvəlində hökumətlərarası görüş üçün Azərbaycandan hökumət nümayəndə heyətini Estoniyada qəbul edəcəyik. Zənnimcə, sonuncu belə görüş doqquz il əvvəl keçirilib. Bu isə göstərir ki, həm hökumət səviyyəsində, həm də biznes baxımından yenidən yeni imkanlar yaranır. Məqsəd həm Estoniyadakı Azərbaycan biznesinin, həm də Azərbaycandakı Estoniya şirkətlərinin daha yaxşı imkanlar tapa bilməsini təmin etməkdir.

– Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və inkişaf layihələri həyata keçirir. Estoniyanın dövlət qurumlarının və şirkətlərinin, xüsusilə rəqəmsal texnologiyalar, şəhərsalma və infrastruktur sahələrində bu layihələrdə iştirakı nəzərdən keçirilə bilərmi?

– Düşünürəm ki, Estoniya Azərbaycanla əməkdaşlığın bir sıra müxtəlif sahələrində faydalı ola bilər. Son 35 il ərzində biz öz cəmiyyətimizi, xüsusilə müasir informasiya texnologiyalarından və rəqəmsal həllərdən fəal istifadə etməklə modernləşdirməkdə çox uğurlu olmuşuq. Bu müddət ərzində Estoniyada bir sıra şirkətlər yaranıb və onların bir çoxu çox uğurlu, qlobal səviyyədə tanınmış şirkətlərə çevrilib. Bu şirkətlərdən bəzilərinin fəaliyyətini artıq Bakıda da görmək mümkündür.

“Bolt” burada fəal şəkildə fəaliyyət göstərir və qlobal miqyasda fəaliyyət göstərən ən tanınmış Estoniya şirkətlərindən biridir. Lakin hesab edirəm ki, indi Azərbaycanda öz səfirliyimizi açmağımız, daimi hökumət nümayəndəliyimizin olması diplomatlarımıza praktik baxımdan nələrin edilə biləcəyini daha yaxından müşahidə etmək və anlamaq üçün daha yaxşı imkan yaradır. Bu, onlara Estoniya, xüsusən də Estoniya biznesi üçün Azərbaycanda daha fəal və daha görünən olmaq baxımından hansı imkanların mövcud ola biləcəyini araşdırmağa şərait yaradır.

Estoniya rəqəmsal inkişaf sahəsində bir sıra xidmət və həllər hazırlayıb və onları uğurla tətbiq edib. Düşünürəm ki, bu sahədə əldə etdiyimiz təcrübənin, eləcə də Estoniyada tətbiq etdiyimiz bəzi rəqəmsal xidmətlərin bir qismi Azərbaycan hökuməti üçün də maraqlı ola bilər. Bu həllər gələcək əməkdaşlıq üçün maraqlı istiqamətlər təşkil edə və onların Azərbaycanda tətbiqi də nəzərdən keçirilə bilər.

– Estoniya Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcəyini necə görür?

– Görürsünüz ki, bizim hər ikimizin kifayət qədər çətin qonşuları var. Bizim üçün bu, Rusiyadır, sizin üçün isə təkcə Rusiya deyil, həm də cənubda və qərbdə yerləşən qonşu ölkələrdir. Lakin biz keçmişimizdən öyrənmişik ki, güclü prinsipləriniz olduqda və suverenlik, ərazi bütövlüyü prinsiplərini müdafiə etdikdə, bunun ölkənizin gələcəyi və hətta mövcudluğunuzun qorunması üçün çox böyük əhəmiyyəti olur.

Azərbaycan–Aİ münasibətlərinə gəldikdə isə, düşünürəm ki, Azərbaycanın Aİ ilə münasibətləri hansı sahələrdə dərinləşdirmək istədiyi barədə, bəlkə də, daha aydın qərar verməsi də vacibdir.

Şübhəsiz ki, enerji təhlükəsizliyi ilə bağlı açıq-aşkar mövzular mövcuddur. Eyni zamanda, Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolunu oynayan geostrateji mövqeyinin əhəmiyyəti də önəmlidir. Bu, şərqdən qərbə doğru Azərbaycan ərazisindən keçən Orta Dəhliz məsələsinə də aiddir. Konkret olaraq, bu, hamımızın marağındadır. Son dövrdə Azərbaycan və Ermənistan münasibətlərində baş verən çox böyük inkişaf, eləcə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması imkanına getdikcə yaxınlaşmağımız Aİ ilə əməkdaşlığı genişləndirmək üçün çoxlu imkanlar yaradır.

Bildiyiniz kimi, Aİ bir ölkə deyil. Aİ 27 müxtəlif ölkədən ibarətdir və onların hər birinin fərqli tarixi, eləcə də Cənubi Qafqaz ölkələrinə münasibətdə fərqli yanaşmaları var.

Estoniya da bu ölkələrdən biridir. Biz Ermənistanla olduğu kimi, Azərbaycanla da qarşılıqlı faydalı münasibətlərin inkişafını mütləq təşviq edəcəyik.

Hesab edirəm ki, Avropa İttifaqını xarici siyasət sahəsində təmsil edən Aİ-nin Ali Nümayəndəsi Kaya Kallasın ötən il və bu il Bakıya etdiyi iki səfər Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı maraq doğuran sahələrin açıq şəkildə mövcud olduğunu göstərir. Bu səfərlər həm də onu göstərir ki, Aİ Azərbaycanla əməkdaşlığı daha geniş və hərtərəfli şəkildə gücləndirmək və inkişaf etdirməkdə çox maraqlıdır.

Eyni zamanda, biz bu münasibətlərdə mövcud olan çatışmazlıqların və çətinliklərin nədən ibarət olduğunu da bilirik. Keçmişdə mövcud olmuş məsələlərdən, eləcə də bu gün hələ də qala biləcək bəzi suallardan xəbərdarıq. Lakin mənim fikrimcə, ən vacib məqam ondan ibarətdir ki, bu məsələlərin həllinə yönəlmiş siyasi iradə və hazırlıq mövcuddur, onları müzakirə etmək və münasibətləri irəli aparmağın yollarını axtarmaq istəyi var.

Şübhəsiz ki, söhbət təkcə Avropa İttifaqının deyil, Aİ-nin kiçik üzv dövləti olan Estoniyanın mövqeyindən gedəndə, bizim açıq marağımız sülhü, sabitliyi və proqnozlaşdırıla bilənliyi qorumaq və gücləndirməkdir. Bu, xüsusilə Cənubi Qafqaz kimi mühüm geostrateji əhəmiyyətə malik regionlarda xüsusi əhəmiyyət daşıyır.

Yenə də, son bir neçə il ərzində burada şahidi olduğumuz çox böyük dəyişikliklərə baxsaq, düşünürəm ki, onlar gələcəkdə daha yaxşı münasibətlərin inkişafı üçün möhkəm zəmin və güclü əsas yaradır. Bu, təkcə Azərbaycanla Estoniya arasındakı münasibətlərə deyil, daha geniş mənada Azərbaycanla bütövlükdə Avropa İttifaqı arasındakı əlaqələrə də aiddir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR