Bank Of Baku

Fərid Şəfiyev: İqtisadi Əməkdaşlıq Təşkilatının müəyyən potensialı var

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev

© APA | Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev

# 24 aprel 2025 10:12 (UTC +04:00)

"İqtisadi Əməkdaşlıq Təşkilatının müəyyən potensialı var. Lakin bir sıra problemlər səbəbindən bu qurum çərçivəsində inteqrasiya baş verməyib".

APA-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): imkanlar və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.

O, ölkəmizin bir sıra beynəlxalq təşkilatlara üzv olduğunu xatırladaraq, bildirib ki, indiki şəraitdə hər hansı platforma kənarda qalmamalıdır:

"Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına 1992-ci ildən üzv olub. Ölkəmiz son illər bir sıra beynəlxalq təşkilatlarda fəal iş aparır. Buna Qoşulmama Hərəkatına və Asiyada Qarşılıqlı Etimad Müşavirəsinə sədrlik daxildir. İqtisadi Əməkdaşlıq Təşkilatı Mərkəzi Asiya ölkələrinin ona üzvlüyü ilə genişlənib. Son zamanlar Azərbaycan yeni təşkilatlara da üzv olur. Onlardan biri də D-8 təşkilatıdır. Azərbaycan bu təşkilatdan hansı mənfəət əldə edə bilər? Biz hər hansı platformanı kənarda qoymamalıyıq. İqtisadi Əməkdaşlıq Təşkilatının müəyyən potensialı var. Lakin bir sıra problemlər səbəbindən bu qurum çərçivəsində inteqrasiya baş verməyib".

Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev deyib ki, son illərdə İqtisadi Əməkdaşlıq Təşkilatının regional mərkəzlərinin yaradılmasında Azərbaycanın da xüsusi rolu var: “İran və Türkiyədə bu təşkilatın tərkibində fəaliyyət göstərən bir sıra mərkəzlər mövcdur. Eyni zamanda Azərbaycanda Təmiz Enerji Mərkəzi və İqtisadi Tədqiqat Mərkəzi yaradılacaq. Hazırda bu istiqamətdə yekun proseslər gedir”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn qeyd edib ki, Pakistan və Türkiyə ilə iqtisadi münasibətlərimizdəki inkişaf İƏT daxilində tərəqqiyə əhəmiyyətli fayda verəcək.

Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov vurğulayıb ki, Qarabağ probleminin həllindən sonra Azərbaycan diqqətini bir sıra digər vacib əməkdaşlıq bölgələrinə istiqamətləndirib: “Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə tərəqqiyə söykənən müzakirələr “5+1+1” formatında keçirilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR