Azərbaycanla yenidən müharibəyə başlamaq Ermənistanı məhvə aparardı
Azərbaycan erməni dəstələrinin sentyabrın 19-da Qarabağda törətdiyi terror aktını cavabsız qoymamalı idi.
Bunu APA-nın Tbilisi müxbirinə açıqlamasında gürcüstanlı politoloq Badri Naçkebia deyib.
O bildirib ki, qanunsuz erməni dəstələrinin Azərbaycan ərazisində dinc əhaliyə qarşı törətdiyi ardıcıl terror aktları rəsmi Bakıya belə bir əməliyyata başlamaq üçün tam hüquqi əsas verirdi.

“Azərbaycanın başlatdığı lokal antiterror tədbirləri bütün hüquqi əsaslara malikdir. Terror hadisələri onun öz ərazisində baş verib və bu, Azərbaycanın terrora məruz qalmış ölkə kimi adekvat tədbirlər görməsinə hüquqi əsas verir. Ermənistan Baş naziri Nikol Paşinyan artıq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıqlayıb və Qarabağın Azərbaycanın ərazisi olduğunu təsdiqləyib. Belə olan halda, Azərbaycanla yenidən müharibəyə başlamaq Ermənistanı məhvə aparardı. Ümumilikdə, qısa müddət ərzində baş vermiş bu hadisələr Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbənin məntiqi davamıdır. Sülhün əldə olunması həm Ermənistanın, həm də bütün regionun inkişafına təkan verəcək”, - Naçkebia deyib.
Antiterror tədbirlərindən sonra Cənubi Qafqazda sülh və əmin-amanlıq olacaq

Gürcü ekspert Giorgi Caxaia isə bildirib ki, Ermənistan uzun müddətdir Qarabağ problemindən xilas olmağa çalışır və problemin həllini tapması ona bölgə iqtisadiyyatına inteqrasiya olmaq imkanı yaradacaq: “Ermənistan uzun müddətdir ki, Rusiyanın təsirindən qurtularaq Qərblə əlaqələrini yaxşılaşdırmağa çalışır. Bu baxımdan Qarabağ yükündən qurtulması onun özü üçün də faydalıdır. Məsələ bundadır ki, artıq Ermənistanda əhali də döyüşmək istəmir. Dünən İrəvanda keçirilən mitinq də bunu göstərdi. Ermənistanda heç kim müharibəyə getmək istəmir. Bu baxımdan antiterror tədbilərinin tezliklə bitməsi gözlənilən idi. Düşünürəm ki, antiterror tədbirlərinin bitməsindən sonra Cənubi Qafqazda sülh və əmin-amanlıq olacaq”.
Ermənistan hakimiyyəti Qarabağ probleminin əsiri olmaq istəmir
Siyasi icmalçı Tengiz Txilava isə qeyd edir ki, antiterror tədbirləri zamanı Ermənistan hakimiyyətinin separatçıların yanında Azərbaycana qarşı mübarizə aparmaqdan imtina etməsi İrəvanın artıq Qarabağ probleminin girovu olaraq qalmaq istəmədiyini göstərir.

“Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün bildirdi ki, Ermənistan Azərbaycana qarşı Qarabağ separatçılarının tərəfində vuruşmayacaq. Bu, tamamilə düzgün qərardır. Lakin bu eyni zamanda, metamorfozdur, çünki bu, vaxtilə Qarabağla bağlı bütün danışıqları yarımçıq qoymuş və işğal olunmuş bütün ərazilərin Ermənistana məxsus olduğunu bəyan etmiş Paşinyandır. İndi o, başa düşür ki, bütün ölkəni Qarabağ probleminin girovuna çevirmək düzgün deyil, bu vəziyyət, Ermənistanın inkişafına böyük əngəl törədib. Paşinyanın müharibə bitdikdən sonra yenidən hökumət başçısı seçilməsi ölkə əhalisinin əksəriyyətinin də belə düşündüyünü deməyə əsas verir. Ümumilikdə, antiterror tədbirləri son illərdə baş verən hadisələrin məntiqi davamıdır. Çünki Ermənistan 2020-ci ilin 10 noyabrında Azərbaycan və Rusiya ilə imzaladığı atəşkəs razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin bütün bölmələri, erməni silahlı birləşmələri və dəstələri Qarabağdan çıxarılmalı idi. Lakin bu şərt yerinə yetirilmədi və əksinə, silahlı toqquşmalar, təxribatlar davam etdi. Azərbaycan güc tətbiq etməkdən çəkindi, amma hər şeyin həddi-hüdudu var. Əlbəttə, müharibə hər zaman pis olub, indi də pisdir, çünki orada insanlar həlak olurlar. Lakin Ermənistan rəhbərliyinin qeyri-ardıcıl siyasəti bu vəziyyətin yaranmasına gətirib çıxarıb. Problemin həlli çox sadədir: bütün silahlı birləşmələr Qarabağdan çıxarılmalı və Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçməlidir. Gürcüstan hökumətinin mövqeyinə gəldikdə isə, əminəm ki, o, öz mövqeyini bildirəcək. Üstəlik, bizdə də oxşar vəziyyət var, Gürcüstanın əraziləri də işğal olunub”, - Txilava deyib.