Bank Of Baku

Hikmət Babaoğlu: “Rusiya ilə müttəfiqlik əlaqələrinin qurulması tarixi zərurətə çevrilmişdi”

Hikmət Babaoğlu

© APA | Hikmət Babaoğlu

# 23 fevral 2022 13:14 (UTC +04:00)

“Moskva Bəyannaməsi ilə Rusiya-Azərbaycan münasibətləri tamamilə yeni bir mərhələyə daxil olur”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

H. Babaoğlu deyib ki, hazırda dünyada heç bir ölkə təkbaşına öz milli təhlükəsizliyini təmin edə bilmir: “Bu, hər şeydən öncə beynəlxalq münasibətlər sisteminin mürəkkəb daxili strukturu və yeni dünya nizamının formalaşmaqda olması ilə bağlıdır. Hər yeniilik isə özlüyündə çoxsaylı maneələri dəf etmək və özünü təsdiq etdirə bilmək mərhələsindən keçməyə məhkumdur. Ona görə də çoxqütblü dünya nizamına keçid ağrılı və uzunmüddətli adaptasiya tələb edən bir proses kimi qarşımıza çıxır. Bu uzunmüddətli və gərgin keçid kontekstində milli təhlükəsizliyi təmin etmək olduqca çətin milli vəzifədir. Xüsusilə tarixən mürəkkəb geostrateji region kimi xarakterizə edilən Cənubi Qafqazda bu vəzifənin öhdəsindən gəlmək strateji uzaqgörənlik, qətiyyətli siyasi iradə və mümkün geostrateji gedişləri əvvəlcədən dəqiq proqnozlaşdıraraq qərar qəbul etməyi tələb edir. Nəzər almaq lazımdır ki, Azərbaycan 30 ildən sonra öz ərazi bütövlüyünü bərpa edərək hələ də region ölkələrinin və bütövlükdə dünyanın adaptasiya olunmaqda çətinlik çəkdiyi, yaxud qəbul etmək istəmədiyi yeni reallıqlar yaradıb. Belə olan halda milli təhlükəsizlik problemləri daha da aktuallıq kəsb etməyə başlayıb. Ona görə də məhz indi, dünyada baş verən qlobal geostrateji zəlzələlər və postsovet məkanının yenidən dizayn edilməsi kontekstində Azərbaycan etibarlı və nüfuzlu müttəfiqlərlə öz milli təhlükəsizliyini təmin etmək çağırışı ilə üzləşib”.

Deputat qeyd edib ki, birinci mərhələdə Azərbaycan qardaş Türkiyə ilə Şuşa Bəyannaməsini imzalamaqla Qərb istiqamətində bu məsələni etibarlı şəkildə həll edib: “Milli təhlükəsizliyimizin ikinci strateji istiqaməti şimal istiqamətidir. Bu istiqamətdə də qonşu Rusiya ilə müttəfiqlik əlaqələrinin qurulması tarixi zərurətə çevrilib. Əslində hamıya aydındır ki, Cənubi Qafqazda Rusiya Federasiyasının iştirakı olmadan sülh və sabitlikdən danışmaq olmaz. Bu, bir geostrateji reallıqdır. Belə olan halda yalnız praqmatik və rasional siyasi qərarlar qəbul etməklə uzunmüddətli sülhə nail olmaq olar. Əslində Azərbaycan Cənubi Qafqazın ən böyük və uzunmüddətli münaqişəsinə son qoymaqla sülh və əməkdaşlıq üçün yaxşı perspektivlər yaradıb. Bu prosesdə Rusiyanın oynadığı pozitiv rol da mühüm əhəmiyyət kəsb edib. Nəticə etibarilə Rusiya 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyannamədə sülhün təmin olunması ilə bağlı zəmanətçi funksiyasını üzərinə götürüb. Hazırda isə yeni yaranan qlobal siyasi reallıqlar bu istiqamətdə yeni addımların atılmasını və sülh və təhlükəsizlik üçün yeni siyasi qərarların qəbul edilməsini şərtləndirib”.

H. Babaoğlu Moskva Bəyannaməsi hər iki dövlətin milli maraqları baxımından aktual sayır: “Vladimir Putinin dediyi kimi, hərbi-siyasi və sosial iqtisadi, eyni zamanda humanitar sahələri əhatə edən belə bir mühüm sənədin imzalanması Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni bir mərhələyə qaldıracaq. Bu mühüm mərhələni hərbi-siyasi və geostrateji kontekstə yeni tarixi mərhələ kimi səciyyələndirmək olar. Bu müttəfiqlik yeni çoxqütblü dünya nizamında Azərbaycanı öz müttəfiqləri ilə birlikdə mümkün güc mərkəzlərindən birinə çevirəcək və regional inteqrasiyanı dərinləşdirməklə uzunmüddətli sülhə gətirib çıxaracaq. Bu isə hazırkı mürəkkəb tarixi şəraitdə milli təhlükəsizliyimizi təmin etmənin ən yaxşı yoludur. Bütövlükdə isə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə ərazi bütövlüyü, müstəqillik, bərabərhüquqlu tərəfdaşlıq və bu prinsiplərin beynəlxalq hüquq, o cümlədən BMT Nizamnaməsi ilə tanınan bütün əsaslarını qarşılıqlı şəkildə qəbul edir. İkincisi, iqtisadi-sosial və humanitar sahədə əməkdaşlığın daha da dərinləşməsi və inteqrasiyanı təmin etmək üçün əsas yaradır. Üçüncü, sənəd hərbi-texniki əməkdaşlıq sahəsini əhatə edir. Dördüncü, Xəzər hövzəsində əməkdaşlığın qarşılıqlı maraqlar əsasında qorunması və bu sahədə imzalanmış sənədlərin yaratdığı öhdəçiliklərin yerinə yetirilməsinin vacibliyini qeyd edir. Beşinci, yeni reallığın yaranmasında Rusiyanın oynadığı mühüm rolu təsbit etməklə 10 noyabr 2020 , 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli görüşlərdə razılaşdırılmış müddəaların yerinə gətirilməsinin vacibliyini qeyd edir. Yeni və müttəfiqlik anlayışının məzmunu baxımından ən əhəmiyyətli məsələlər isə 4 , 6 ,7 və 11-ci maddələrdə öz əksini tapır ki, bunlar Rusiya-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə qaldıran əsas maddələrdir. Məsələn, 4-cü maddə Rusiya Federasiyası və Azərbaycan Respublikasının aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelərdən çıxış etməsi, 6-cı maddə Rusiya Federasiyası və Azərbaycan Respublikasının tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasını qəbul etməsi barədədir. 7-ci maddə Rusiya Federasiyası və Azərbaycan Respublikasının tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinməsi məsələsinin qeyd edilməsi ilə bağlıdır. 11-ci maddə Rusiya Federasiyası və Azərbaycan Respublikasının öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alması öhdəçiliyi götürməsini əks etdirir. Bu, qarşılıqlı şəkildə iki dövlətin bir-birinə verdiyi təhlükəsizlik təminatıdır. Bu müddəaların hər biri iki dövlət üçün də mühüm əhəmiyyət kəsb edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR