Bank Of Baku

İran və Azərbaycan gömrük sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar

İran və Azərbaycan gömrük sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar
# 31 iyul 2026 22:07 (UTC +04:00)

İran və Azərbaycan ticarət və tranzitin inkişafı ilə bağlı razılığa gəliblər.

APA-nın Tehran bürosunun məlumatına görə, İran və Azərbaycanın gömrük xidmətlərinin rəhbərləri Biləsuvar sərhəd-keçid məntəqəsində görüşərək əməkdaşlığa dair memorandum imzalayıblar.

Görüş İranın iqtisadiyyat nazirinin müavini və Gömrük Xidmətinin rəhbəri Fərud Əsgəri ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə keçirilib.

Tərəflər iki ölkə arasında ticarət və tranzitin inkişafı, eləcə də gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Görüşdə ticarət və tranzitin inkişafına mane olan problemlər nəzərdən keçirilib, onların aradan qaldırılması üçün yeni təşəbbüslər irəli sürülüb və qarşılıqlı razılıq əldə olunub.

Şahin Bağırov Azərbaycanla İran arasında ticarətin əhəmiyyətli olduğunu vurğulayaraq bildirib ki, hər iki tərəf əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

O qeyd edib ki, bu cür görüşlər problemlərin operativ həlli və mövcud maneələrin aradan qaldırılması baxımından mühüm rol oynayır.

Şahin Bağırov o cümlədən problemlərin dərhal həlli məqsədilə İran Gömrük Xidmətinin rəhbəri ilə 24 saatlıq onlayn əlaqə imkanının yaradılmasını müsbət qiymətləndirib.

Fərud Əsgəri isə çıxışında infrastruktur problemlərinin iki ölkə arasında ticarət və tranzitin inkişafına mane olan əsas amillərdən biri olduğunu bildirib.

O vurğulayıb ki, Astara və Naxçıvan istiqamətlərində tikilən körpülərin tamamlanması sərhəd infrastrukturunu gücləndirəcək, yükdaşımaların və yük avtomobillərinin hərəkətinin daha da sürətlənməsinə şərait yaradacaq.

Əsgəri İran prezidentinin Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini və müxtəlif görüşlərdə bu məsələnin dəfələrlə vurğulandığını qeyd edib.

İran Gömrük Xidmətinin rəhbəri bildirib ki, iki ölkə arasında ticarətin inkişafına mane olan əsas problemlərdən biri sərhəd-keçid məntəqələrində sıxlıq və yük avtomobillərinin hərəkəti ilə bağlı çətinliklərdir.

Görüşün sonunda tərəflər ticarət və tranzit yükləri üzrə gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR