İstanbulda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Bağcılar rayonunda yerləşən Azərbaycan Dostluq Parkında baş tutan mərasimə Azərbaycanın İstanbuldaki Baş konsulu Nərminə Mustafayeva, Bağcılar Bələdiyyə sədri Yasin Yıldız, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Bağcılar sakinləri qatılıb.
Anım mərasimi çərçivəsində iki ölkənin himni səslənib, Xocalı soyqırımı qurbanları və şəhidlərin ruhuna Quran tilavəti oxunub.
Tədbirdə çıxış edənlər Xocalı soyqırımın dünya tarixinin utancverici və qara səhifələrindən biri olduğunu qeyd edərək, bu qətliamın hiç bir zaman unudulmayacağını, soyqırımı törədənlərin cəza çəkmələri üçün işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva Xocalı soyqırımı qurbanlarının xatirələrinin ürəklərdə yaşadığını qeyd edərək, Xocalının artıq sadəcə yas günü deyil, həm də Azərbaycan xalqı üçün müqavimət simvolu olduğunu diqqətə çatdırıb.
Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılmasının vacib olduğunu əlavə edib. O, həmçinin, Xocalı soyqırımının törədilməsindən illər keçdikdən sonra Azərbaycanın öz gücü ilə işğal altındakı torpaqlarını azad edərək, ədaləti bərqərar etdiyini diqqətə çatdırıb. Şamil Ayrımın sözlərinə görə, bundan sonra Xocalı soyqırımını törədənlərin beynəlxalq səviyyədə cəza almaları son dərəcə vacib məsələdir.