"Azərbaycanın sədrliyi AQEM-in fəaliyyətində mühüm irəliləyişə səbəb olub".
APA xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunda deyib.
O bildirib ki, 28 üzv dövləti birləşdirən AQEM suveren bərabərlik və konsensus prinsiplərinə əsaslanan inklüziv platformadır.
“Suveren bərabərlik və konsensus prinsipləri müxtəlif milli təcrübələrə malik ölkələrə bilik və təcrübələrini bölüşmək imkanı verir”, - Sarıbay deyib.
Onun sözlərinə görə, Azərbaycan sədrliyi dövründə AQEM çərçivəsində təşkilatın fəaliyyətinin gücləndirilməsi və praktiki əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm işlər görülüb: "Azərbaycan AQEM-in 2024–2026-cı illər üzrə sədrliyini 17 dekabr 2024-cü ildə qəbul edib. Azərbaycanın sədrliyinin əsas mövzusu “Daha güclü AQEM: Asiyada bağlantı, rəqəmsallaşma və dayanıqlı inkişaf” kimi müəyyənləşdirilib".
Sarıbayın sözlərinə görə, Azərbaycanın sədrliyi AQEM-in institusional imkanlarının gücləndirilməsi, etimad tədbirlərinin daha səmərəli həyata keçirilməsi və təşkilatın digər beynəlxalq və regional platformalarla əməkdaşlığının genişləndirilməsinə yönəlib.
Baş katib Azərbaycanın sədrliyi dövründə təşkilatın müxtəlif məsləhətçi və əməkdaşlıq platformalarının fəaliyyətinin də inkişaf etdiyini bildirib.
O, xüsusilə qadınların, gənclərin, elm və təhsil nümayəndələrinin, biznes dairələrinin və digər tərəfdaşların AQEM çərçivəsində əməkdaşlığa cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.
Sarıbay qeyd edib ki, AQEM-in 2026-cı ildə Bakıda keçiriləcək sammiti təşkilatın inkişafında növbəti mühüm mərhələ olacaq.