Bank Of Baku

Londonda Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub

Londonda Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub
# 02 noyabr 2022 17:19 (UTC +04:00)

Londonda fəaliyyət göstərən “Circle Foundation” analitik mərkəzi tərəfindən Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə həsr edilmiş vebinarda Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov iştirak edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, TRT World kanalının nümayəndəsi Aslı Atbaşın moderatorluğu ilə keçirilən vebinarda Kral Birləşmiş Xidmətlər İnstitutunun (Royal United Services İnstitute) əməkdaşı Samuel Ramani, Kiyev Milli Universitetinin siyasi elmlər professoru Taras Kuzio, Atlantik Şurasının (Atlantic Council) baş əməkdaşı, Qətər Universitetinin köməkçi professoru Ali Bakir də iştirak ediblər.

Vebinar çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın Soçi görüşü, regionda baş verən hadisələr və aktual məsələlər müzakirə edilib. Azərbaycanın BK-dakı səfiri Elin Süleymanov Azərbaycanın məqsədinin regionda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olmasından ibarət olduğunu bildirib. Səfir Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, orada yaşayan əhalinin, istər azərbaycanlıların, istərsə də ermənilərin haqq və hüquqlarının Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində qorunmasının əhəmiyyətini qeyd edib. E.Süleymanov davamlı sülhün bərqərar olmasının nəinki Azərbaycana, həm də bütün regiona və Ermənistana faydalı olduğunu vurğulayıb. O bildirib ki, bu baxımdan, Ermənistanın etnik mifologiyasını öz maraqlarından üstün tutması təəccüb doğurmaqdadır.

Səfir qeyd edib ki, Azərbaycan tərəfi sülh prosesində bütün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməyə hazırdır və bu tərəfdaşların verə biləcəyi töhfəni faydalı hesab edir: “Bununla yanaşı, sülh prosesi üçüncü ölkələrin deyil, məhz Azərbaycan və Ermənistanın maraqlarına yönəlməli və bu baxımdan iki ölkə arasında aparılmalıdır”, -deyə səfir bildirib.

Çıxışlarda həmçinin, Rusiya ilə Ukrayna arasındakı müharibənin regional proseslərə təsiri, enerji təhlükəsizliyi məsələləri və eyni zamanda İranın regionda siyasəti haqda fikirlər səsləndirilib. İranın Azərbaycana son zamanlar aqressiv yanaşması qeyd olunub. Vebinarda bildirilib ki, özünü “demokratik” kimi qələmə verməyə çalışan Ermənistanın Baş naziri Nikol Paşinyanın İrandakı son hadisələr zamanı bu ölkəyə səfər etməsi və bu səfərlə İran siyasətini dəstəkləməsi Ermənistanın nə qədər demokrat olduğunu göstərməkdədir.

Vebinar zamanı bir sıra regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR