Bank Of Baku

Mərkəzi Asiya və Azərbaycan: yeni regional əməkdaşlıq modelinin formalaşması - TƏHLİL

Mərkəzi Asiya və Azərbaycan: yeni regional əməkdaşlıq modelinin formalaşması - TƏHLİL
# 08 oktyabr 2026 10:19 (UTC +04:00)

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü region ölkələri arasında siyasi dialoqun, qarşılıqlı etimadın və praktiki əməkdaşlığın gücləndirilməsinə xidmət edən əsas platformalardan biridir. İlk görüşün 2018-ci ildə keçirilməsindən ötən müddətdə bu mexanizm sərhəd məsələlərindən nəqliyyat və enerji layihələrinə qədər geniş gündəliyin müzakirə olunduğu nüfuzlu formata çevrilib.

Məşvərət görüşlərinin başlıca xüsusiyyəti münasibətlərin klassik çoxtərəfli təşkilatların sərt prosedurları əsasında deyil, qarşılıqlı maraqlar və konsensus prinsipi ilə qurulmasıdır. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın dövlət başçıları regional təhlükəsizlik, iqtisadi inteqrasiya, su ehtiyatlarından istifadə, iqlim dəyişmələri, nəqliyyat bağlantıları və humanitar əməkdaşlıq üzrə ümumi mövqelər formalaşdırırlar.

2025-ci ilin noyabrında Daşkənddə keçirilən VII Məşvərət Görüşü formatın inkişafında dönüş nöqtəsi oldu. Həmin görüşdə Azərbaycanın tamhüquqlu iştirakı haqqında qərarın yekdilliklə qəbul edilməsi Mərkəzi Asiyanın siyasi və iqtisadi əməkdaşlıq məkanını Xəzərin qərb sahilinədək genişləndirdi. Beləliklə, “Mərkəzi Asiya beşliyi” mahiyyət etibarilə “Mərkəzi Asiya və Azərbaycan” əməkdaşlıq mexanizminə çevrildi.

Avazada VIII Məşvərət Görüşü

2026-cı il oktyabrın 8-də Türkmənistanın “Avaza” Milli Turizm Zonasında Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının VIII Məşvərət Görüşü keçirilir. Sammit Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan liderlərini bir araya gətirir. Bu, Azərbaycanın tamhüquqlu iştirakçı statusunda qatıldığı ilk rəsmi Məşvərət Görüşüdür. Buna görə də Avaza sammiti beştərəfli mexanizmdən altıtərəfli regional tərəfdaşlıq modelinə keçidi rəsmiləşdirən mühüm siyasi hadisədir.

VIII görüşün gündəliyi region dövlətlərinin üzləşdiyi əsas siyasi, iqtisadi və ekoloji çağırışları əhatə edir. Dövlət başçılarının regional və beynəlxalq təhlükəsizlik, siyasi-diplomatik əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı ticarətin artırılması, investisiya və enerji əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə etməsi nəzərdə tutulur.

Dayanıqlı nəqliyyat-logistika dəhlizlərinin inkişafı və Xəzər dənizi üzərindən bağlantıların genişləndirilməsi sammitin əsas istiqamətlərindəndir. Ətraf mühitin qorunması, iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma, Amudərya və Sırdərya çaylarının su ehtiyatlarından səmərəli istifadə və Aral dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması da gündəlikdə mühüm yer tutur. Mədəniyyət, təhsil, elm, gənclər və tələbə mübadilələrinin genişləndirilməsi isə siyasi-iqtisadi tərəfdaşlığın ictimai əsaslarını möhkəmləndirməyə xidmət edir.

Avaza görüşünün strateji əhəmiyyəti onun yalnız mövcud münasibətləri qiymətləndirməsi ilə məhdudlaşmır. Sammit Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi koordinasiyanın gücləndirilməsi, Orta Dəhlizin imkanlarının artırılması və altı ölkənin potensialının vahid əməkdaşlıq məkanında birləşdirilməsi üçün yeni imkanlar yaradır.

Azərbaycanın strateji rolu

Azərbaycanın Məşvərət Görüşü formatına daxil olması Mərkəzi Asiya dövlətləri üçün alternativ nəqliyyat və enerji marşrutlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan əlverişli coğrafi mövqeyi, liman və dəmir yolu infrastrukturu, eləcə də Türkiyə və Avropa bazarlarına çıxış imkanları sayəsində Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən əsas tranzit həlqələrdən biridir.

Bu baxımdan Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Transxəzər marşrutu üzrə limanların, dəmir yollarının və gömrük sistemlərinin əlaqələndirilməsi yükdaşımaların müddətini və maya dəyərini azalda bilər. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzur dəhlizinin perspektivi Azərbaycanın regional logistika sistemindəki mövqeyini daha da gücləndirir.

Enerji sahəsində Azərbaycanın rolu yalnız tranzit funksiyası ilə məhdudlaşmır. Mərkəzi Asiyanın enerji ehtiyatlarının Azərbaycan üzərindən Qərb bazarlarına çatdırılması, Xəzər dənizinin “yaşıl enerji” potensialından birgə istifadə və elektrik enerjisinin ixracı əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır. Bu layihələr iştirakçı ölkələrin ixrac marşrutlarının şaxələndirilməsinə və regional enerji təhlükəsizliyinin gücləndirilməsinə imkan verə bilər.

Siyasi dialoqun intensivliyi də əməkdaşlığın strateji səviyyəsini göstərir. Prezident İlham Əliyevin açıqladığı məlumata görə, 2023-cü ilin əvvəlindən 2026-cı ilin iyulunadək Azərbaycan Prezidenti Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər edib, həmin dövlətlərin başçıları isə Azərbaycana 26 səfər həyata keçiriblər. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan və Mərkəzi Asiya artıq faktiki olaraq vahid geosiyasi və geoiqtisadi məkan formalaşdırır.

Nəticə etibarilə, VIII Məşvərət Görüşü Azərbaycanın formata tamhüquqlu qoşulması barədə siyasi qərarın praktiki əməkdaşlığa çevrildiyi ilk rəsmi sammitdir. Avazada müzakirə edilən təşəbbüslər “Mərkəzi Asiya və Azərbaycan” formatının davamlı regional mexanizm kimi möhkəmlənməsinə, Xəzərin iki sahili arasında əlaqələrin genişlənməsinə və iştirakçı dövlətlərin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edə bilər. Azərbaycanın əsas üstünlüyü isə Mərkəzi Asiya ilə Avropa arasında sadəcə coğrafi körpü deyil, siyasi baxımdan etibarlı, iqtisadi cəhətdən funksional və strateji tərəfdaş kimi çıxış etməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR