Ermənistanla sülh sazişinin imzalanması prosesinin təşəbbüskarı məhz Azərbaycan olub, bu prosesə biz töhfə vermişik.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sülh sazişinin mətninin razılaşdırılması əhəmiyyətlidir: “Sülh sazişi ilə bağlı prosesin tam yekunlaşması və onu imzalanma səviyyəsinə çatdırmaq üçün Ararat Mirzoyanla görüşdə Azərbaycanın legitim tələblərini bir daha Ermənistana xatırlatdıq. Ermənistan bunu yeni şərtlər kimi təqdim etmək istəyir. Lakin bu, belə deyil, biz bu tələblərin icrasını 2022-ci ildən Ermənistandan gözləyirik. Ermənistan Konstitusiyasında ərazi iddiaları məsələsinin və lazımsız qurum olan Minsk qrupunun ləğvinin vacibliyi bir daha Ermənistanın diqqətinə çatdırıldı”.