Bank Of Baku

Nazir: İsveçrə təmiz enerji texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis

© APA | ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis

# 04 avqust 2026 14:52 (UTC +04:00)

İsveçrə təmiz enerji texnologiyalarına investisiyaların artırılması və bu sahədə Azərbaycan, eləcə də region ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

APA xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

İqnasio Kassis bildirib ki, İsveçrə fosil yanacaqlardan asılılığın azaldılması və bərpa olunan enerji mənbələrinə keçid istiqamətində ardıcıl siyasət həyata keçirir.

“İsveçrədə karbohidrogenlərdən və fosil yanacaqlardan asılı olmayan gələcəyə keçid üzərində çalışırıq. Təmiz enerjiyə böyük həcmdə investisiya yatırırıq. İnsanların külək, günəş və digər bərpa olunan enerji mənbələrinə keçidi üçün çoxsaylı təşviq mexanizmləri yaratmışıq”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, hazırda İsveçrədə fərdi ev təsərrüfatlarının üçdə biri elektrik enerjisini fotovoltaik panellər vasitəsilə istehsal edir.

“Biz neftdən təmiz enerjiyə keçid yolundayıq. Hesab edirik ki, bütün dünya bu istiqamətdə irəliləməlidir. Bu, COP konfransları və BMT-nin 2030 Gündəliyi çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərə uyğundur”, – deyə Kassis vurğulayıb.

O qeyd edib ki, İsveçrə fotovoltaik texnologiyalar və digər yaşıl enerji həlləri sahəsində güclü sənaye potensialına malikdir və bu imkanlar region ölkələri üçün də faydalı ola bilər.

“Bu, İsveçrənin bu böyük regiona, o cümlədən Mərkəzi Asiyaya yönəldə biləcəyi investisiyalardan biri ola bilər. Mən əminəm ki, gələcək fosil yanacaqların deyil, təmiz enerjinindir. İsveçrə bu keçid prosesinə bacardığı qədər töhfə verməyə hazırdır”, – deyə İsveçrənin xarici işlər naziri əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR