Azərbaycan Xəzər regionu, enerji təhlükəsizliyi və mina təmizlənməsi sahələrində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan enerji təhlükəsizliyi, su ehtiyatlarının idarə olunması, müasir texnologiyalar və digər istiqamətlərdə beynəlxalq əməkdaşlığa böyük önəm verir.
"Azərbaycan üçün mina təmizlənməsi ən ciddi humanitar problemlərdən biridir. Bu istiqamətdə beynəlxalq tərəfdaşların, o cümlədən ATƏT-in öz mandatı çərçivəsində verə biləcəyi praktiki dəstək xüsusi əhəmiyyət daşıyır", – Ceyhun Bayramov vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi regional layihələr və Xəzər hövzəsində əməkdaşlıq təşəbbüsləri də beynəlxalq tərəfdaşlıq üçün mühüm imkanlar yaradır.