“Ermənistanın Gəncədə törətdiyi cinayətlərlə bağlı vəziyyət nisbətən fərqlidir. Bu fərqlilik ondan ibarətdir ki, həmin dövrdə, Vətən müharibəsi zamanı təqribən oktyabr ayının əvvəllərində qondarma rejimin nümayəndələri bu hücumlarla bağlı bəzi etiraflar edib”.
APA xəbər verir ki, bunu Gəncədə səfərdə olan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
Elnur Məmmədov bildirib ki, bu etiraflar Gəncəyə edilən hücumlardan əvvəl baş verib: “Özünü qondarma rejimin “mətbuat katibi” adlandıran şəxs “Facebook” səhifəsində etdiyi paylaşımda bildirmişdi: “Bir neçə gün sonra qorxuram ki, arxeoloqlar Gəncənin yerini tapa bilməyəcəklər. Gec olmadan özünüzə gəlin”. Bu paylaşımdan sonra Gəncəyə 5 raket zərbəsi endirilmişdi. Digər tərəfdən, özünü qondarma rejimin “prezidenti” elan etmiş Araik Arutyunyan özünün “Twitter” hesabında etdiyi paylaşımda Gəncəyə atılan raket zərbələrinin onun əmri ilə edildiyi və bunun zarafat olmadığını bildirərək gələcəkdə də belə zərbələrin ola biləcəyinə diqqət çəkmişdi. Səfirlərin və diplomatik korpus nümayəndələrinin diqqətini bu paylaşımlara çəkmək istəyirəm. Bu hücumlar baş verməmişdən əvvəl həmin hücumlara göstəriş vermiş və ya Ermənistan hərbi rəhbərliyinin göstərişlərini icra etmiş şəxslər bununla bağlı sosial şəbəkələrdə açıq-aydın etiraflar edib. Lakin bununla bağlı hadisələrdən sonra Ermənistan rəhbərliyi sanki bunların baş vermədiyini, bir çox dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən hadisələrə münasibət bildirməklə bağlı edilmiş çağırışlara susqunluq nümayiş etdirib.
Təəssüflər olsun ki, o susqunluq bu gün də davam edir. Azərbaycan hökuməti tərəfindən bir çox beynəlxalq instansiyalara, o cümlədən beynəlxalq məhkəmələrə törədilmiş cinayətlərlə bağlı materiallar müfəssəl şəkildə toplanaraq təqdim edilib. Eyni zamanda, Vətən müharibəsi zamanı bilavasitə cəbhə bölgəsində işləyən, həmin bölgədən reportaj hazırlayan xarici jurnalistlər, beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri Gəncəyə endirilmiş raket zərbələri ilə bağlı öz hesabatlarında geniş yer veriblər. “Human Rights Watch” təşkilatı Gəncədə baş verən hadisələrlə bağlı “Azərbaycana qanunsuz raket zərbələri adlı” hesabat buraxıb. Gəncəyə və cəbhə bölgəsindən uzaqda yerləşən digər bölgələrə edilən raket hücumlarını sənədləşdirib, bu hadisələri rəsmən pisləyib. Hesabatda raket zərbələrinin açıq-aşkar heç bir hərbi hissə olmayan əraziyə endirildiyi qeyd edilib. Ermənistan tərəfi çox qeyri-ardıcıl və bir-birinə ziddiyyət təşkil edən açıqlamalar verib. Sanki bir müddət bu raket zərbələrinə heç bir aidiyyətlərinin olmadığı görüntüsü yaratmağa çalışırdılar və s. Lakin qeyd etdiyim kimi, həm beynəlxalq təşkilatların hesabatlarında, həm xarici qeyri-hökumət təşkilatlarının hesabatlarında bu məsələ birmənalı qeyd edilib”. Elnur Məmmədov diqqətə çatdırıb ki, Gəncədə açıq-aydın törədilmiş cinayətlər göz önündədir.
Firuzə Vahid
Fuad Nazimoğlu