Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Qırğız Respublikasına göndərilən budəfəki humanitar yardıma 10 ədəd "KamAZ" markalı xüsusi təyinatlı yanğınsöndürmə texnikası daxildir.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev deyib.
O bildirib ki, əsas məqsəd Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasını gücləndirməkdir: “Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, təmənnasız maddi-texniki yardım göndərilib. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan 10 ədəd "KamAZ" markalı xüsusi təyinatlı yanğınsöndürmə texnikası Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə göndərilir. Bu texnikalar, yanğınsöndürmə avtomobilləri yanğınlarla effektiv mübarizə aparılması üçün bütün növ texniki vasitələrlə təchiz olunub".