Türk Dövlətləri Parlament Assambleyasının gündəliyinə ekoloji problemlərin çıxarılması mühüm önəm daşıyır.
APA-nın xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş TÜRKPA-nın Bakıda keçirilən “Türk dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyə nail olunmasında parlamentlərin rolu” mövzusunda 13-cü Plenar iclasında bildirib.
Onun sözlərinə görə, ölkəsi bu yolda atılacaq bütün addımları bundan sonda da dəstəkləyəcək:
“İqlim dəyişikliyinin insan əli ilə yaradılan bir nəticə olduğunu görməyimiz, bilməyimiz lazımdır. Qanundan əlavə idrak dəyişkiliyinə olan ehtiyac böyükdür. İnsan əli ilə nəticələnən iqlim dəyişiklikləri bir çox hallarda fəlakətə, böhrana yol açır və açacaq. Ona görə də ilk növbədə idrakın və təfəkkürün dəyişməsinə ehtiyac var. Dünyada nemətlərin qeyri-ədalətli istifadəsi ciddi problemlərə yol açır. Ədalətli bir qlobal sisteminin olmaması ağır nəticələrə səbəb olur. Bu çərçivədə türk dünyası olaraq üzərimizə düşən işləri görməliyik. Bir sıra beynəlxalq müqavilələrə geniş imkanları olan dövlətlər laqeyddir”.