Peru Konqresi Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib

Peru Konqresi Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib
# 28 fevral 2024 11:40 (UTC +04:00)

Parlamentdə Peru-Azərbaycan dostluq qrupu və Azərbaycanın Perudakı Səfirliyinin birgə təşəbbüsü ilə 27 fevral tarixində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Peru Konqresində anım tədbiri keçirilib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, Peru-Azərbaycan dostluq qrupunun, habelə And Parlamentinin Perudan olan üzvlərinin, diplomatik missiya rəhbərləri və nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə ilk öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ölkəmizin Perudakı səfiri Məmməd Talibov çıxış edərək XX əsrin amansız faciələrindən olan Xocalı Soyqırımı barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Çıxışında soyqırımını törədənlərin məsuliyyətə cəlb olunmalarının, bu kimi misli görünməmiş insanlıq əleyhinə cinayətlərin yenidən baş verməməsinin əhəmiyyətini vurğulayan səfir ədalətin bərpa olunması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasından bəhs edib.

Çıxışında bu gün, 32 il sonra Xocalı şəhərində Azərbaycanın dövlət bayrağının dalğalandığını və bununla da Xocalı şəhidlərinin ruhunun şad olduğunu bildirən səfir artıq ölkəmizin uzun illər davam etmiş işğaldan sonra keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına ləyaqətlə qayıtmasını təmin etmək məqsədilə işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə, yenidənqurma və bərpa işləri aparmasından söz açıb.

Həmçinin, çıxışında bir sıra ölkələrin parlamentləri, o cümlədən Peru Konqresinin tərəfindən Xocalı Soyqırımına dair müxtəlif sənədlərin qəbul edildiyini xatırladan səfir Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən bu məsələdə nümayiş etdirdiyi ədalətli mövqeyə və həmrəyliyə görə Peru tərəfinə təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən Peru-Azərbaycan dostluq qrupunun üzvləri Maria del Karmen Alva Prieto, Karlos Ernesto Bustamente Donayre və And Parlamentinin Perudan olan üzvü Qustavo Adolfo Paçeko Viyyar da öz növbəsində Xocalıda amansızca qətlə yetirilmiş soydaşlarımızla əlaqədar Azərbaycan xalqına dərin başsağlığı verərək belə faciələrin bir daha təkrarlanmaması üçün günahkarların ədalət qarşısına çıxarılmasının vacibliyin vurğulayıblar.

Tədbirdə iştirakçılara Xocalı Soyqırımı barədə qısametrajlı film nümayiş etdirilib, qanlı faciənin tarixindən bəhs edən broşür və materiallar təqdim olunub.

Qeyd edək ki, Xocalı soyqırımı faciəsi qurbanlarının 32-ci ildönümü ilə əlaqədar olaraq Peru Konqresi tərəfindən bəyanat qəbul edilib.

Bəyanatda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş soyqırımı aktından 32 il ötdüyü diqqətə çatdırılaraq, misli görünməmiş hadisələr nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfərin həlak olduğu, 1275 nəfərin girov götürüldüyü və 150 nəfərin taleyi naməlum qaldığı bildirilib.

Sənəddə baş vermiş soyqırımı aktının çoxsaylı beynəlxalq insan hüquqları təşkilatları tərəfindən tam şəkildə sənədləşdirildiyi və Human Rights Watch tərəfindən isə “münaqişə zamanı törədilmiş ən qanlı qətliam” olaraq qeydə alındığı vurğulanıb.

Bundan başqa, bəyanatda 2013-cü ildə Peru Koqresi tərəfindən Xocalı soyqırımı qurbanlarına ədalət tələb edən sənədə istinad öz əksini tapıb.
Həmçinin, sənəddə bu gün bütün dünya azərbaycanlılarının Xocalı şəhərində qətlə yetirilmiş günahsız insanların xatirəsini ehtiramla yad etdiyi bildirilərək, onların əziz xatirəsinə, baş vermis faciənin 32-ci ildönümünün anılması ilə əlaqədar olaraq Azərbaycan hökumətinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı diləkləri ifadə olunub.

Yüz minlərlə məcburi köçkünün öz evlərinə ləyaqətli və təhlükəsiz formada qayıtmasını təmin etmək üçün Azərbaycanın sülh axtarışında, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və orada aparılan minasızlaşdırma prosesində göstərdiyi səylərə dəstək ifadə olunub.
Sənəddə xüsusilə, Azərbaycan kimi mina problemi ilə üzləşən ölkələrə bu ciddi təhlükəni aradan qaldırmaq və günahsız insanların həyatını qorumaq məqsədilə dəstək göstərilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib.

Xatırladaq ki, Peru Konqresi ötən il də Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR