Bank Of Baku

Politoloq: Azərbaycanla Pakistan arasında inteqrasiya və müttəfiqlik daha da dərinləşəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslamabadda rəsmi qarşılanma mərasimi

© APA | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslamabadda rəsmi qarşılanma mərasimi

# 12 iyul 2024 10:02 (UTC +04:00)

Prezident İlham Əliyev tarix yazmağa davam edir.

Dövlət başçısının ötən həftə Qazaxıstan paytaxtında Şanxay Əməkdaşlıq Təşkilatının və Şuşada Türk Dövlətləri Təşkilatının zirvə toplantılarından sonra İslamabada səfər etməsi onun yorulmaz fəaliyyətinin yaxın onilliklərdə yeni qələbələrimizlə müşahidə olunacağından xəbər verir.

Ötən həftə Azərbaycan liderinin Çin, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan liderləri ilə uğurlu görüşlərindən sonra daha bir vacib dialoq bu dəfə Pakistanda baş tutdu.

Pakistanın Baş naziri Şahbaz Şərifin özünün şəxsən Prezident İlham Əliyevi hava limanında qarşılaması bu qardaş ölkədə Azərbaycan liderinə verilən önəmin, ona olan hörmətin bariz nümunəsidir.

Paytaxt İslamabadda Prezident İlham Əliyevin və dövlətimizin bayraqlarının asılması, Pakistan qırıcılarının bu ölkənin sərhədlərinə girişdən başlayaraq hava limanına qədər liderimizi müşayiət etməsi adi hal deyil, qardaşlıq və dostluğun vacib göstəricisidir.

Səfər zamanı hər iki tərəfdən hökumətin geniş tərkiblə iştirak etməsi, tərəflər arasında imzalanan sənədlərin çoxşaxəliyi Bakı ilə İslamabad arasında dövlətlərarası dərin inteqrasiya və müttəfiqliyin bir qədər də inkişaf etdiriləcəyini göstərir.

Azərbaycan və Pakistan Avrasiyanın Orta Xəttində mühüm geosiyasi oxu formalaşdırmağa müvəffəq olub. Türkiyə-Azərbaycan-Qazaxıstan-Özbəkistan-Pakistan hərbi-siyasi, iqtisadi oxu, Azərbaycan-Çin geoiqtisadi kommunikasiya oxu formalaşmaqda olan yeni qlobal nizamda sülhə və sabitliyə, xalqların təhlükəsizliyinə töhfə verəcək münasibətlər sistemidir.

Maraqlı məqam həm də, ondan ibarətdir ki, bir həftə əvvəl - iyulun 3-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş olub, orada mühüm məsələlər bağlı qapılar arxasında müzakirə edilib. Mətbuata açıqlamada isə “Üç qardaş” şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi Avrasiyada qüdrətli hərbi koalisiyanın formalaşdığının göstəricisidir. Türkiyə, Azərbaycan və Pakistanın demoqrafik göstəricilərini, hərbi texniki imkanlarını nəzərə alsaq, bunu, doğrudan da, çox ciddi koalisiyanın formalaşmasının göstəricisi saymaq olar.

Həmin dialoqun ardından belə bir səfərin baş tutması rəsmi Bakının regional və qlobal kontekstdə böyük hədəflərinin olduğundan xəbər verir. Sözsüz ki, ilk növbədə, söhbət hərbi texniki, təhlükəsizliklə bağlı bəlkə də bir çoxunun təsəvvür etmədiyi hədəflərdən və razılaşmalardan da gedə bilər. Yaxın onilliklərdə regional və qlobal güclərin Qafqazla bağlı təhlükəli lanlarının olduğunu istisna etməsək, Pakistanın Azərbaycanla strateji müttəfiqliyinin həmin planları alt-üst etməyə qadir olduğunu deyə bilərik.

Xarici siyasət

Xarici siyasət tam olaraq intensiv şəkildə həyata keçirilir. Hər iki ölkə daim ərazi bütövlüyü məsələsində bir-birinə açıq şəkildə dəstək ifadə edib. 44 günlük müharibədən sonra rəsmi Bakı Pakistan üçün ağrılı məsələlərdə bu dövlətin yanında olduğunu bildirib.

Ən son isə Azərbaycan Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illər üçün qeyri-daimi üzvlüyünə namizədliyinə tam dəstək verib. Həmçinin, Pakistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi status alması üçün müraciətini dəstəkləməkdədir.

İqtisadiyyat

Etiraf etmək lazımdır ki, iki ölkə arasında ticarət dövriyyəsi real potensialdan dəfələrlə azdır. Hazırda 100 milyon ətrafında olan bu rəqəmlərin gələcəkdə 2 milyard dollara çatdırılması əsas hədəflərdən biridir.

Lakin burada haşiyəyə çıxmaq yerinə düşər. İqtisadiyyatda qarşılıqlı ticarətin elə də çox olmamasına baxmayaraq, siyasi münasibətlərin ən pik həddə olması müasir siyasətdə nadir nümunələrdən biridir və Azərbaycan - Pakistan qardaşlığında əsas məqamın məhz səmimi, mənəvi dəyərlər olduğunun bariz göstəricisidir.

İrana nüvə proqramına görə tətbiq edilən sanksiyalar səbəbindən İran-Türkmənistan-Əfqanıstan-Pakistan qaz kəməri layihəsi hazırda funksional vəziyyətdə deyil. Pakistan neft və təbii qaza 37 milyard dollar təxmini vəsait xərcləyir. Yaxın gələcəkdə bu istiqamətdə ölkələrimiz qarşılıqlı şəkildə fəaliyyət istiqamətlərini genişləndirə bilər. Hazırda, həm neft-qaz, həm də günəş enerjisi ilə bağlı perspektivlər hökumətlər arasında təhlil edilməkdədir.

Kommunikasiya və nəqliyyat layihələri üzrə də əməkdaşlıq gücləndirilməkdədir. Dünən tərəflər arasında "Tranzit Ticarət Sazişi" ilə bağlı memorandum imzalanıb. Sazişin digər aspektləri ilə yanaşı, diqqəti çəkən məqamlarından biri onun bəzi məhsullara tərəfdaş rejim təmin etməsində olacaq.

Mineral resursları və geologiya sahəsində əməkdaşlıq, dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında sənədlərin imzalanması adı çəkilən sahələrin öyrənilməsi, təşviqi və investisiyaların genişləndirilməsinə təkan verəcək. İnvestisiyalarla bağlı yaxın vaxt ərzində Azərbaycanın mineral, neft və qaz kimi sahələrdə 2-3 milyard dollar aralığında investisiyaları nəzərdən keçirdiyi istisna deyil.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasət milli maraqlarımızın reallaşması, ölkəmizə olan təhdidlərdən qorunmaq üçün maksimum dividentlərin əldə edilməsinə yönəlib. Məhz Prezident İlham Əliyev coğrafi cəhətdən kiçik Azərbaycanın qlobal güclərlə münasibətlərdə bərabər, qarşılıqlı əməkdaşlığa əsaslanan beynəlxalq aktor olduğunu ortaya qoya bilib. Bu gün Azərbaycan hər kəs üçün önəmli tərəfdaşdır, Azərbaycan lideri hər kəsin hörmət bəslədiyi nadir liderlərdəndir.

Təkcə son 10 gün ərzində ABŞ, MDB, TDT, Rusiya, İran, Çin, Asiya trekində baş tutan görüşlər hər bir azərbaycanlıda iftixar hissi ilə qarşılanır. Belə çətin beynəlxalq proseslər fonunda bütün istiqamətlərdə uğurlar əldə etmək müasir proseslərdə nadir nümunələrdəndir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR