Politoloq: Ermənistan Qərbin Cənubi Qafqazdakı çirkin oyunlarının qurbanına çevriləcək

Politoloq: Ermənistan Qərbin Cənubi Qafqazdakı çirkin oyunlarının qurbanına çevriləcək
# 28 fevral 2024 17:18 (UTC +04:00)

“Ermənistan rəsmiləri məqsədli şəkildə müharibə mövzusunu gündəmdə saxlayırlar. Nikol Paşinyanın çıxışlarına diqqət yetirsək, görərik ki, o, “sülh müqaviləsi”, “müsansibətlərin normallaşdırılması” ifadələrindən daha çox “müharibə”, “münaqişə”, “ərazi iddiaları” ifadələrindən istifadə edir. Məqsəd aydındır. Cənubi Qafqazda gərginliyin olması barədə fikir formalaşdırmaq və Qərbin diqqətini bura yönəltməkdir. Bu mənada Nikol Paşinyanın Fransada “Azərbaycan Ermənistana yeni hücuma hazırlaşır” iddiasını ortaya qoyması təəccüblü olmadı. Qərbin pisniyyətli qüvvələrinin regioana yolunu açmaqla məşğul olan Paşinyan bölgədə yeni Rusiya-Qərb qarşıdurması yaratmaq istəyir. Ermənilərin böyük gücləri üzə-üzə qoymaqda mahir olduğunu nəzərə alsaq, onların yaxın gələcəkdə Cənubi Qafqazı barıt cəlləyinə döndərə biləcəyini söyləyə bilərik. Təbii ki, o barıt cəlləyinin partlamasının ən böyük zərəri elə Ermənistana dəyəcək”.

Bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib. Onun sözlərinə görə, əgər böyük güclər Cənubi Qafqazda üz-üzə gələrsə Ermənistan ayaqlar altında qalacaq və bir dövlət kimi məhv olacaq: “Azərbaycan 2023-cü ilin 20 sentyabrında Qarabağda erməni separatizminin kökünü kəsəndən sonra Qərb Ermənistandakı mövcudluğunu daha da gücləndirib. Onlar yaxşı başa düşürlər ki, Rusiya və İrana qarşı çirkin niyyətlərini Azərbaycan ərazisində gerçəkləşdirə bilməyəcəklər. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, öz ərazisindən poliqon kimi istifadə edilməsinə heç zaman razılıq verməyəcək. Bu mənada qonşu dövlətlərimiz də Azərbaycan dövlətinə böyük etimad göstərirlər, inanırlar. Qərb dairələri Azərbaycanı münaqişəyə sürükləmək üçün Ermənistanın zəif hakimiyyətinin ağılsız addımlarından istifadə edirlər. Ortaya “Azərbaycan müharibəyə hazırlaşır”, “Azərbaycan Zəngəzuru işğal etmək istəyir” kimi şayiələr ona görə atırlar ki, sabah Ermənistan atəşkəsi pozsa, Azərbaycanı günahlandırsınlar. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel də heç bir əsas olmadan Azərbaycana “Ermənistanın ərazi bütövlüyü pozulmasının ağır nəticələrinin olacağı” haqda xəbərdarlıq etmişdi. Halbuki Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, bizim Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur. Hətta Zəngəzur dəhlizi də daha bizim üçün cəlbedici deyil. Amma biz yenə də görürük ki, bəzi dövlətlər Ermənistan ordusunu silahlandırır, təlimatlandırırlar. ABŞ və Fransa bu məsələdə xüsusi aktivlik nümayiş etdirir. Fransa Ermənistana radar sistemi və “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemləri göndərir. Fransanın təşəbbüsü ilə Hindistan da Ermənistana silahlar göndərir. Artıq 1,5 milyard dollarlıq hərbi müqavilə imzalanıb. Fransanın Ermənistan ordusunun döyüş qabiliyyətini artırmaq üçün etdiyi çabalar tək Azərbaycana yönəlməyib. Məqsəd həm də Rusiya və İrana qarşı burada yeni cəbhə yaratmaqdır. Ermənistan-Rusiya münasibətlərində artan gərginlik də bunu deməyə imkan verir”.

R.Alıyev bildirdi ki, Avropa İttifaqı Ermənistandakı müşahidə missiyasının tərkibini genişləndirməkdə davam edir: “14 fevralda Zəngilan istiqamətində baş verən hərbi təxribatın məqsədi Azərbaycana qarşı Qərbin ittihamlarını daha da sürətləndirmək idi. Eyni zamanda İrəvan çalışır ki, beynəlxalq güclərin köməyi ilə şərti sərhəddə “güzgü prinsipi”nə uyğun olaraq hərbçilərin geri çəkilməsinə nail olsun. Nikol Paşinyan Fransa mətbuatına müsahibəsində əsasən Azərbaycan və Rusiyanı hədəf alıb. O, Azərbaycanı təcavüzkar, Rusiyanı isə öz üzərinə düşən vəzifəni yerinə yetirə bilməyən ölkə kimi təqdim etdi. Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda Paşinyanın Azərbaycanı Rusiya ilə dost, müttəfiq ölkə kimi göstərməsi təsadüfi deyil. Təbii ki, onun bu cür cılız siyasi gedişlərinin planı Qərb mətbəxində hazırlanıb. Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır. Fransa prezidenti Emmanuel Makronun Parisdə Paşinyanı yüksək səviyyədə qəbul etməsi, Ermənistana siyasi və hərbi dəstək nümayiş etdirməsi bu planın tərkib hissəsidir. Onlar Cənubi Qafqazda yeni cəbhə açmaqla Rusiyanın Ukrayna üzərindəki hərbi üstünlüyünü azaltmaq istəyirlər. Onları Qafqazda sülh və sabitlik maraqlandırmır. Ermənistan özünü bu çirkin oyunların mərkəzinə atıb və onlar ətlə dırnaq arasındadırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR