Politoloq: Makronun açıqlamaları Avropanın özündə qeyri-ciddi qarşılanıb

Politoloq: Makronun açıqlamaları Avropanın özündə qeyri-ciddi qarşılanıb
# 05 mart 2024 18:33 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makronun Qərb dövlətlərinin hərbi qüvvələrinin Ukraynaya göndərilməsinin mümkünlüyü barədə açıqlaması Avropanın özündə qeyri-ciddi qarşılanıb.

Bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Politoloq deyib ki, Fransanın ən yaxın müttəfiqi hesab olunan Almaniya kansleri Olaf Şolts belə Makronun bu çıxışından narahatlığını gizlətməyib: “Parisdə Kiyevlə bağlı keçirilən konfransda hətta quru qoşunlarının Ukraynada yerləşdirilməsinə dair imkanların da müzakirə olunduğunu deyən Makronun sonradan fikrindən daşınması, Rusiya ilə müharibə istəmədiklərini deməsi, haqlı gülüş doğurdu. Baş verənlər göstərir ki, Fransa kimi çoxəsrlik tarixi olan bir ölkəyə qeyri-peşəkar siyasətçi rəhbərlik edir.

Makronun Moskvaya qarşı təhdid dolu çıxışları Rusiyada gülüşlə qarşılanır. Fransa prezidenti Ukraynanın Qərb müttəfiqlərinin Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaratdıqlarını bəyan etmişdi, bu da sonradan təkzib olundu. Avropanın təcrübəli siyasi liderləri Makronun təkliflərini qəbul etmədilər, ona qarşı çıxdılar. Onlar yaxşı bilirlər ki, Avropanın Ukraynaya quru qoşunları göndərməsi üçüncü dünya müharibəsi, həm də nüvə müharibəsi deməkdir. Nə Avropa, nə də NATO-uzv dövlətlər Rusiyaya qarşı açıq savaşmaq istəmirlər. Makronun əvvəlcə NATO-nu Rusiya ilə qarşıdurmaya təhrik etməyə çalışması, sonra isə bu fikrini elə-belə dediyini bildirməsi onun məsuliyyətsiz siyasətçi olduğunu göstərir. Fransalı gənclər Makrona qarşı çıxaraq “biz Ukraynada ölmək istəmirik” şüarı ilə aksiya keçiriblər. Fransa prezidenti bu açıqlaması ilə bütün NATO ölkələrinin ərazisini Rusiya üçün açıq hədəf halına gətirir”.

Ramiz Alıyev qeyd edib ki, Makron özünü həvəskar, bişməmiş siyasətçi kimi aparır: “O, hesab edir ki, tez-tez müharibə mövzusunda, hədə-qorxu notunda danışmaqla özünü böyük siyasətçi, Fransanı isə güclü dövlət kimi dünyaya tanıdacaq. Makron Azərbaycan-Ermənistan münasibətləri, Qarabağ mövzusu haqda çıxış edərkən ölkəmizə qarşı da hədə-qorxu tonunda danışır. O, bizim bölgədə vəziyyətin gərginləşməsində maraqlı görünür. Qardaş Türkiyə, Rusiya kimi dövlətlər mane olmasaydı, bəlkə də Makron çoxdan Fransa hərbçilərini Ermənistanda yerləşdirmişdi və Azərbaycana qarşı müharibə başlatmışdı. Rusiyaya qarşı açıq mübarizə aparmaqdan çəkinən Fransa və dostları Cənubi Qafqazda gərginlik yaratmaqla özlərinin ölməkdə olan təsir güclərini bərpa etmək istəyirlər. Onlar həm də bu yolla Rusiyanın diqqətini Ukraynadan müəyyən qədər yayındırmağa çalışırlar. Makron kimi siyasətçilərin söz oyunları, bər-bəzəkli çıxışları bəzilərinin qulağına xoş gəlsə də, onun çıxışlarının sabun köpüyündən başqa bir şey olmadığı ortadadır. Avropanın aparıcı ölkələrində belə məsuliyyətsiz şəxslərin ali postlara yüksəlməsi təhlükəli tendensiyadan xəbər verir. Makron kimi qeyri-ciddi siyasətçilərin köhnə qitədə söz sahibi olması, qərar qəbul etmək imkanının olması Avropada həqiqətən də acınacaqlı durumun yarandığını nümayiş etdirir. Düşünürəm ki, Fransa liderinin çox sürətlə sözünü geri götürməsi Ukraynada Qərbə qarşı məyusluğu, inamsızlığı daha da artıracaq. Rusiya isə daha da güclənəcək. Artıq Moskvada görürlər ki, nə NATO, nə ABŞ, nə Avropa dövlətləri Ukraynaya qoşun göndərməyə cəsarət etmir və Rusiyadan çəkinirlər. Bu vəziyyət canlı qüvvə qıtlığından və kənar dəstəyin olmamasından əziyyət çəkən Ukraynanın məğlubiyyətini daha da sürətləndirəcək. Rusiyaya qarşı tətbiq etdikləri sanksiyalarla, Ukraynaya göndərdikləri hərbi yardımlarla heç nəyə nail ola bilməyən Qərb Fransa prezidenti Makronun simasında öz gücsüzlüklərini, qeyri-ciddilikləri göstərdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR