Sahib Alıyev: Prezidentin Münxenə səfəri üç mühüm reallığı üzə çıxardı

Sahib Alıyev: Prezidentin Münxenə səfəri üç mühüm reallığı üzə çıxardı
# 20 fevral 2024 21:29 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin Münxenə səfəri üç mühüm reallığı üzə çıxardı.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bildirib.

Sahib Alıyev deyib ki, birinci reallıq Azərbaycana qarşı sanksiya tələbi irəli sürən, bu, baş tutmadıqda bizi heç olmasa təcriddə saxlamağı planlaşdıranların növbəti dəfə iflasa uğramalarıdır: “Ona görə növbəti dəfə deyirəm ki, ölkəmiz BMT Baş Assambleyasından sonra ən çox təmsilçi qatılan bir tədbirin - COP29-un Bakıda keçirilməsini təmin etməklə artıq həmən təcridçilərin özünü təcrid vəziyyətində saxlamışdı. Söhbət burada ilk növbədə Fransadan gedir. Necə deyərlər, taleyin istehzasına baxın ki, Fransa guya Ermənistana dəstək məqsədilə Azərbaycanı təcriddə saxlamaq istəyirdi. Amma məhz həmən Ermənistan COP29-un Bakıda keçirilməsini dəstəkləməsi azmış kimi digərlərini də buna çağırdı. Təbii ki, burada Azərbaycanın atdığı addımlar mühüm rol oynadı.

Deputat qeyd edib ki, Prezidentin Münxen Konfransı çərçivəsində iki gün ərzində ayrı-ayrı dövlətlərin başçıları, yüksək vəzifəli təmsilçiləri və korporasiyaların rəhbərləri ilə 24 görüş keçirməsi, özü də bu görüşlərin hamsının qarşı tərəfin istəyi nəticəsində baş tutması Qərbdə ayaqda Fransa olmaqla anti-Azərbaycan siyasəti yeridənlərə növbəti zərbə idi: Bu görüşlər eyni zamanda 7 fevral seçkisində Azərbaycan xalqının ortaya qoyduğu əzm və Prezident İlham Əliyevin Xankəndidə seçki qutusuna atdığı bülletenin arxasında duran niyyətlə dünyanın razılaşması demək idi. Maraqlıdır ki, cənab Prezidentlə görüşə ilk can atanlardan biri də elə Fransanın yaxın müttəfiqi və son üç ildə bizim regiona yanaşmada az qala onunla sinxron hərəkət edən Almaniya oldu. Almaniya kanslerinin Azərbaycan Prezidenti və Ermənistan baş naziri ilə görüşü ikitərəfli danışıqlar formatının məntiqinə uyğun təşkil etməsi isə onu göstərdi ki, böyük dövlətlər İlham Əliyevin andiçmə törənində vasitəçiliyə can atanlarla bağlı dediklərindən düzgün nəticə çıxarıblar. Münxen görüşündə diqqət çəkən ikinci reallıq bax bu idi. Ümid edirəm ki, Azərbaycan Prezidentinin ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti Helqa-Mariya Şmidlə görüşdə Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğvinin vaxtının çoxdan yetişdiyi haqda dedikləri də nəzərə alınacaq”.

Sahib Alıyev xatırladıb ki, andiçmə törənində dövlət başçısı xarici siyasətimizin əsas istiqamətinin indi Ermənistan-Azərbaycan qarşıdurması yox, dünyanı narahat edən problemlər olduğunu bildirmiş və bunların arasında ilk növbədə iqlim dəyişikliyinin adını çəkmişdi: Yəni Azərbaycanın öz xarici siyasətini regional müstəvidən qlobal müstəviyə çıxaracağı vurğulanmışdı. Münxen Konfransı çərçivəsində keçirilən görüşlərdə biz bu yöndə artıq real addımların atılmağa başladığını gördük və onu da gördük ki, bu məsələdə ABŞ Azərbaycanın tərəfdaşı və dəstəkçisi kimi çıxış etmək niyyətindədir. Dövlət başçımızın ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn, eləcə də “The Rockefeller Foundation”ın baş vitse-prezidenti Eylin Okonnorla keçirdiyi görüşlərdə əsas mövzulardan biri məhz COP29-un Bakıda keçirilməsi, iqlim dəyişikliyinə qarşı birgə fəaliyyət idi. Elə Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenlə danışıqlarda da üzərində dayanılan məsələlərdən biri məhz bu idi. “Prezident Əliyevlə görüşmək imkanını çox yüksək” qiymətləndirdiyini vurğulayan ABŞ Dövlət katibi dövlət başçımızın qeyd etdiyi kimi ikitərəfli əlaqələrin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə inkişafının daha doğru olduğunu yəqin ki, gözəl anlayır. Noyabrdakı seçkidən sonra isə bu reallığın dərkedilmə dərəcəsinin xeyli artacağı da yəqin ki, kimsəyə sirr deyil”.

Deputat bildirib ki, əgər hay mənbələrinin dedikləri doğrudursa, yəni Qərbdə Münxen Konfransı çərçivəsində keçirdiyi görüşlərdə Paşinyana deyiblərsə ki, Rusiyanın boyunduruğundan imtina edəcəkləri halda Azərbaycanın cilovlanmasında dəstək göstəriləcək, bunun özü də ondan xəbər verir ki, Qərbdə artıq regiondakı reallıqla tam razılaşmaq üzrədirlər: “Çünki Paşinyana bu vədi verənlər çox yaxşı anlayırlar ki, Ermənistan Rusiyanın boyunduruğundan qurtarası deyil. Rusiyanın boyunduruğundan qurtarmadığı təqdirdə isə təbii ki, Ermənistana hayların arzuladığı dəstək verilməyəcək. Bu da yenə məhz Rusiya faktoru ilə izah ediləcək. Onunla izah edilməyəcək ki, Azərbaycanı yolundan döndərmək dövlət və xalq olaraq mümkünsüzdür. Ermənistan da bu reallıqla razılaşmalıdır. Həm də ona görə razılaşmalıdır ki, Azərbaycanın yaratdığı reallıqlar tamamilə beynəlxalq hüquq çərçivəsindədir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR