Bank Of Baku

Şahin Mustafayev: Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb.

Şahin Mustafayev: Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb.
# 23 sentyabr 2026 19:02 (UTC +04:00)

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb.

APA xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümünün qeyd olunması münasibətilə keçirilən tədbirdə deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin aprelində Çinə dövlət səfəri zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat imzalandığını xatırladıb.

Şahin Mustafayev bildirib ki, ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyan bu tarixi sənəd dövlət başçılarının strateji baxışının mühüm nəticəsi olub.

Onun sözlərinə görə, ötən dövr ərzində dövlət başçıları səviyyəsində intensiv əlaqələrin davam etdirilməsi, eləcə də müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin mütəmadi xarakter alması Azərbaycan-Çin münasibətlərinin yüksək dinamikasını bir daha nümayiş etdirir.

“Bu gün dövlət başçılarımızın tapşırıqlarına uyğun olaraq hərtərəfli strateji tərəfdaşlığımızın praktiki məzmunla zənginləşdirilməsi istiqamətində mühüm addımlar atılır”, – deyə Baş nazirin müavini qeyd edib.

O bildirib ki, Azərbaycan və Çin arasında siyasi dialoqun müsbət dinamikası yüksək səviyyəli qarşılıqlı səfərlərdə və təmaslarda öz əksini tapır.

Şahin Mustafayevin sözlərinə görə, cari ildə Azərbaycan və Çin arasında xarici işlər nazirləri, parlamentlərarası əlaqələr, baş prokurorluqlar və müdafiə nazirlikləri xətti ilə bir sıra qarşılıqlı səfərlər həyata keçirilib.

Baş nazirin müavini Azərbaycan-Çin Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin praktiki səviyyədə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb.

O qeyd edib ki, Komissiyanın çərçivəsində əməkdaşlığın əsas istiqamətləri ilə bağlı məsələlər mütəmadi olaraq nəzərdən keçirilir və növbəti addımlar müzakirə olunur.

Şahin Mustafayev Azərbaycan və Çin arasında ticarət-iqtisadi əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyini və artan dinamika nümayiş etdirdiyini bildirib.

“Çin ölkəmizin aparıcı iqtisadi və ticarət tərəfdaşlarından biridir. Azərbaycan da öz növbəsində Çinin Cənubi Qafqaz regionunda ən böyük ticarət tərəfdaşıdır”, – deyə o bildirib.

Baş nazirin müavini qeyd edib ki, 2026-cı ilin ilk 7 ayında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 2,6 milyard ABŞ dollarına çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR