Bank Of Baku

Səfir: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar konstruktiv məcrada davam edir

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç

© APA | Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç

# 21 oktyabr 2026 10:22 (UTC +04:00)

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni, hərtərəfli saziş üzrə rəsmi danışıqların bərpa olunması xüsusi aktuallıq kəsb edir.

APA xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda deyib.

Onun sözlərinə görə, artıq Bakıda və Brüsseldə danışıqların iki konstruktiv mərhələsi keçirilib və proses davam edir.

Səfir bildirib ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır.

“Azərbaycan xüsusən Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqının mühüm enerji təchizatçılarından biridir”, - Aİ səfiri qeyd edib.

Diplomat vurğulayıb ki, tərəfdaşlıq bərpaolunan enerji, külək enerjisi və “yaşıl keçid” kimi sahələri də əhatə etməklə getdikcə genişlənir.

“Azərbaycan Avropa ilə Asiya arasında ticarət, logistika və əlaqəliliyin gücləndirilməsi baxımından böyük potensiala malik olan Transxəzər Nəqliyyat Dəhlizinin inkişafında da mühüm rol oynaya bilər. Bu kontekstdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin 2026-cı il iyulun 1-2-də Bakıya etdiyi rəsmi səfər də xüsusi qeyd edilməlidir. Həmin səfər zamanı o, Cənubi Qafqaz boyunca infrastruktur layihələrinə dövlət və özəl sektor tərəfindən 2 milyardadək investisiyanın səfərbər edilməsini nəzərdə tutan “Global Gateway” investisiya paketini elan etdi. Bu paketin əsas istiqamətlərindən biri strateji nəqliyyat və əlaqəlilik infrastrukturunun dəstəklənməsidir. Buraya Naxçıvan dəmir yolu şəbəkəsinin modernləşdirilməsi və Bakı limanının genişləndirilməsi də daxildir”, - Kuyundziç əlavə edib.

Mariyana Kuyundziç onu da qeyd edib ki, bərpaolunan enerji kimi strateji sahə üzrə Avropa özəl investisiyalarının Azərbaycana cəlb edilməsini asanlaşdırmaq üçün çalışırlar.

O xatırladıb ki, bu ayın əvvəlində Avropa Komissiyası Brüsseldə Avropa biznes assosiasiyalarının iştirakı ilə Aİ–Azərbaycan Təmiz Enerji üzrə Biznes Dəyirmi Masasını uğurla təşkil edib: “Biz başa düşürük ki, proqnozlaşdırıla bilən investisiya şəraiti və bərabər rəqabət imkanları Azərbaycana investisiya yatırmaqda maraqlı olan Avropa şirkətləri üçün xüsusilə vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR