“Düşünürəm ki, Britaniyanın Silahlı Qüvvələr nazirinin Azərbaycana səfəri çox müsbət bir səfər idi”.
Bunu APA-ya açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.
Diplomat bildirib ki, britaniyalı nazirin Azərbaycanda keçirdiyi görüşlərdə neft-qaz tədarükündə sabitlik məsələsi, Moldovaya qaz nəqli, habelə Ukrayna ətrafındakı vəziyyət müzakirə edilib.
“Siz neft və qaz qiymətlərində qlobal səviyyədə dəyişikləri görürsünüz. Azərbaycan Avropaya qaz tədarük edir, bunun həcmini artırmaq üçün imkanlar var”, - səfir diqqətə çatdırıb.
Onun sözlərinə görə, bu, həm Rusiyadan qaz asılılığını azalda, həm də qiymətləri stabilləşdirə bilər.
“Müzakirələrimiz çox səmərəli keçdi və əminəm ki, dialoqumuz davam edəcək. Britaniya Azərbaycanla əməkdaşlıqda və dialoqda çox maraqlıdır”, - Şarp qeyd edib.