Ukrayna tərəfi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir.
APA xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev bildirib.
O Rusiya hakimiyyətinin Yekaterinburqda azərbaycanlılara hücumunun sadəcə bir insident deyil, cəzasızlıq və insan həyatına nifrətlə qidalanan sistemli zorakılığın təzahürü olduğunu deyib:
“İllər boyunca beynəlxalq hüququ pozan, Ukraynaya qarşı işğalçı müharibə başladan, öz vətəndaşlarını siyasi əqidələrinə görə təqib edən Rusiya repressiv aparatını digər dövlətlərin vətəndaşları əleyhinə istiqamətləndirir".
Diplomat eyni zamanda vurğulayıb ki, Rusiyanın ayrı-ayrı güc strukturları tərəfindən həyata keçirilən bu qanunsuz zorakılıq aktı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) və ictimaiyyətinin haqlı reaksiyasına səbəb olub:
"Analoji reaksiya təkcə məntiqi deyil, həm də müasir Rusiyada milli azlıqların hüquqlarının sistematik şəkildə pozulduğu, güc strukturlarının özbaşınalığının isə normaya çevrildiyi bir şəraitdə zəruridir", - o bildirib.
Diplomat Ukraynanın artıq uzun illərdir müxtəlif xarakterli cinayət əməllərində özünü göstərən Rusiya təcavüzü ilə üzləşdiyini xatırladıb.
Y. Husev Ukrayna və Azərbaycan xalqlarını qarşılıqlı dəstək göstərməyə çağırıb. O, həmçinin beynəlxalq ictimaiyyəti zərər çəkmiş azərbaycanlılara qarşı baş vermiş zorakılıq aktına reaksiya verməyə çağırıb:
"Dünya bu cinayətə reaksiya verməlidir. Çünki susqunluq yalnız cəzasızlığa şərait yaradır. Nə Yekaterinburqda, nə Kiyevdə, nə də başqa bir yerdə belə faciələrin təkrarlanmaması üçün Moskvaya siyasi, diplomatik və sanksiya təzyiqi gücləndirilməlidir".
Xatırladaq ki, iyunun 27-si səhər Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər xəsarət alıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Bundan sonra Azərbaycanın Xarici İşlər Nazirliyi iyunun 28-də Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat verib:
"Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - bəyanatda vurğulanıb.