Azərbaycanın mühüm geosiyasi mövqedə, Şərqlə Qərbin kəsişməsində yerləşməsi qlobal problemlərin həllinə imkan yaradır.
APA xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş mətbuat konfransda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin deyib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətindən bəhs edən həmsədr bir çox böyük təşkilatın Mərkəzi tərəfdaş seçdiyini qeyd edib.
Onun sözlərinə görə, Mərkəzin tədbirlərində bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, keçmiş liderləri, Baş nazirləri və nazirləri iştirak edir: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər il ən azı 10 tədbir keçirir ki, bu tədbirlərdə enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, qida təhlükəsizliyi və digər aktual qlobal problemlər müzakirə olunur. Tədbir iştirakçıları problemlərin həlli üçün ümumi yollar tapırlar. Bu qəbildən olan növbəti tədbir - Qlobal Bakı Forumu - gələn ilin 9-11 mart tarixlərində keçiriləcək".