Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühit və təbii sərvətlərin vəziyyətinə dair tədbir keçirilib

Ermənilərin törətdiyi ekoloji terrora həsr olunmuş tədbir

© APA | Ermənilərin törətdiyi ekoloji terrora həsr olunmuş tədbir

# 21 sentyabr 2021 11:14 (UTC +04:00)

ADA Universitetində “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda tədbir keçirilib.

APA-nın məlumatına görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev 30 illik işğal dövründə digər cinayətlərlə yanaşı, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında həm də ekoloji terror törətdiyini bildirib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib ki, işğal nəticəsində regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosistemə ciddi ziyan vurulub, bir çox hallarda bu ətraf mühitin deqradasiyasına gətirib çıxarıb, eləcə də, təbii sərvətlərin amansız istismarı nəticəsində ekoloji tarazlıq pozulub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin baş məsləhətçisi Vasif Hüseynov bildirib ki, ermənilərin ekoloji terroru işğal dövrü ilə yekunlaşmayıb: “Hazırda Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası köhnə texnologiya əsasında işləyir, ətraf ölkələr üçün təhlükə mənbəyidir. Region ölkələri Ermənistanın ekoloji terroru və region üçün törətdiyi təhlükələrin qarşısını almaq üçün səylərini birləşdirməlidir”.

Dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Deqqəti qeyd edib ki, Qarabağ müharibəsində Ermənistan fosfor silahlarından istifadə edib, bu, böyük cinayətdir: “İşğalçı Ermənistan Birinci Qarabağ müharibəsində azərbaycanlılara doğma yurdları Kəlbəcəri tərk etmək üçün imkan verməmişdi. İşğal dövründə qanunsuz məskunlaşmış ermənilərə isə İkinci Qarabağ müharibəsində Kəlbəcəri tərk etmək üçün uzun müddət vaxt verildi. Bu müddət ərzində ermənilər Kəlbəcərdə böyük meşə sahəsini məhv etdilər, xeyli mina basdırdılar”.

R. Deqqəti 11 ay ərzində işğaldan azad olunmuş ərazilərdə bir vəhşi heyvana belə rast gəlmədiyini vurğulayıb: “Bu ərazilərdə hər yerdə minalara rast gəlinir. Mən özüm bir dəfə az qala minaya düşmüşdüm. Bir neçə ay əvvəl azərbaycanlı jurnalistlər Kəlbəcərdə minaya düşdü”.

Fotoqraf ermənilərin Zəngilanda Vejnəli, Kəlbəcərdə isə Zod qızıl yatağını vəhşicəsinə istismar etdiyini nəzərə çatdırıb: “Regionda ən böyük qızıl yatağı olan Zod qızıl yatağının 70 faizi Azərbaycan, 30 faizi Ermənistan ərazisindədir. 28 illik işğal dövründə Ermənistan Zod yatağının ərazisindəki 30 faiz qismə toxunmayıb, yalnız Azərbaycana məxsus 70 faiz qismi vəhşicəsinə istismar edib”.

Fotoqrafın çıxışı işğaldan azad olunmuş ərazilərdə çəkdiyi foto-faktlarla müşayiət olunub.

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR