"Fransa bu gün Azərbaycana Qarabağ məsələsində dərs keçməyə çalışır, amma Afrikadakı müstəmləkələrində insan hüquqlarına hörmət etmir".
APA xəbər verir ki, bunu Bakıda keçirdiyi mətbuat konfransında Fransanın müstəmləkəçilik siyasətinə qarşı və anti-imperialist mövqeləri ilə tanınan Pan-Afrikaçı siyasi fəal, jurnalist Kemi Seba deyib.
O, qlobal neokolonializmə qarşı mübarizədə Azərbaycan tərəfi ilə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib:
"Biz beynəlxalq təşkilat olaraq dünyanın hər tərəfində yaşayan afrikalıların yanında olmağa çalışırıq. Mən hər zaman Fransanın Afrika xalqlarına qarşı təzyiqlərinin şahidi olmuşam. Orada mən fransızların qaradərililərə qarşı irqçi davranışının şahidi olmuşam. Afrikada mən siyasi jurnalist olaraq işlədiyim dövrdə Fransa müstəmləkəçiliyinin regionda vəziyyəti pisləşdirdiyinin şahidi olmuşam. Hələ Şarl De Qollun hakimiyyəti dövründə Fransa bizim ərazilərdə öz adamlarını yerləşdirməyə başlamışdı. Mən öz təşkilatım çərçivəsində uzun müddətdir Fransanın neokolonializm siyasətinə qarşı hərəkat istiqamətində fəaliyyətə başlamışam. Həmin dövr Fransanın bizim ərazilərimizdəki hərbi bazalarına qarşı mübarizənin başlanğıcı oldu" - deyə, siyasi fəal fikirlərini tamamlayıb.