30 il əvvəl, 26 fevral 1992-ci ildə bəşəriyyət Birinci Qarabağ müharibəsində erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi və tarixin ən vəhşi qətliamlarından birinin şahidi oldu.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevin bəyanatında bildirilir.
Bəyanatda qeyd olunub ki, bu gün ancaq bir şəhər və onun əhalisinin məhv edilməsinin deyil, həm də insani dəyərlərə və beynəlxalq ədalətə inamın itirilməsinin ildönümüdür.
“Biz hələ də inanırıq ki, bu hərbi cinayəti törədənlər beynəlxalq hüquq qarşısında cavab verəcəklər və qlobal sülhün qorunması və bununla gələcəyi üçün presedent yaranacaq. Qardaş Azərbaycanın güclü rəhbərliyi və xalqının iradəsi sayəsində Azərbaycan Respublikası Qarabağın 30 ilə yaxındır davam edən işğalına və vəhşicəsinə istismarına son qoyub, tarixi ədaləti, milli şərəfi və ərazi bütövlüyünü bərpa edib”, - bəyanatda bildirilib.