Bank Of Baku

Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, Ankara sammitinə hazırlıq müzakirə olunub - FOTO - YENİLƏNİB

Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, Ankara sammitinə hazırlıq müzakirə olunub - FOTO  - YENİLƏNİB
# 25 sentyabr 2026 19:02 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasına sədrlik edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Nazir çıxışında ortaq köklər və tarixə malik türk dövlətləri arasında birliyin dərinləşdiyini qeyd edərək, dəyişən qlobal çağırışlar fonunda çoxtərəfli tərəfdaşlığın gücləndirilməsinin strateji zərurət olduğunu vurğulayıb.

Nazir Qəbələ Zirvə Görüşündə qəbul edilmiş qərarlar və irəli sürülmüş təşəbbüslər əsasında Azərbaycanın sədrliyi dövründə əldə olunan mühüm nailiyyətlər barədə ətraflı məlumat verib.

Çıxış zamanı Nazir üzv dövlətlərə Azərbaycanda keçirilən tədbirlərdə fəal iştiraklarına görə təşəkkürünü bildirdi. Türk xalqlarının dili, tarixi və mədəni irsinin öyrənilməsinə mühüm töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər əhəmiyyətli mərhələ kimi qeyd edilib.

Bundan əlavə, Bakıda keçirilən Təhlükəsizlik Şuraları Katiblərinin, Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının və aparıcı milli analitik mərkəzlərin görüşləri də daxil olmaqla, son tədbirlər bu gündəliyin geniş əhatə dairəsini nümayiş etdirib.

TDT-nin beynəlxalq nüfuzunun daha da artırılmasının vacibliyini vurğulayan Nazir, təşkilatın BMT Baş Assambleyasında müşahidəçi statusu əldə etməsinin ortaq hədəflərdən biri olduğunu qeyd edib.

O, türk coğrafiyasında fiziki nəqliyyat əlaqələrinin və tranzit infrastrukturunun gücləndirilməsinin, həmçinin regional dayanıqlılığın və əlaqəliliyin artırılmasının strateji zərurət olduğunu bir daha vurğulayıb.

Həmçinin qeyd olunub ki, biznes icmalarımız və xalqlarımız üçün birbaşa imkanlar yaratmaq məqsədilə ticarət, enerji, İKT, elm, texnologiya və mədəniyyət sahələrində praktiki və sahəvi əməkdaşlığın genişləndirilməsi yüksək prioritet təşkil edir.

Nazir Ceyhun Bayramov, həmçinin qardaş Türkiyəyə Antalyada keçiriləcək COP31 və Ankarada baş tutacaq TDT-nin növbəti – 13-cü Zirvə Görüşünə ev sahibliyi etməsi ilə bağlı uğurlar arzuladı və Azərbaycanın davamlı dəstəyini bir daha təsdiqləyib.

İclas Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Bəyanatının qəbul edilməsi ilə uğurla başa çatıb.

***

18:06

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın sədrliyi ilə Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

İclasda 29-30 oktyabr tarixlərində Ankarada Türkiyənin ev sahibliyi ilə keçiriləcək TDT-nin 13-cü Zirvə toplantısına hazırlıq məsələləri, həmçinin, Türk dünyasını maraqlandıran qlobal və regional məsələlər müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR