Azərbaycan Neft və Sənaye Universitetində "Türkmənistan - Böyük İpək Yolunun ürəyi" adlı dəyirmi masa keçirilib.
APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi Batır Rəcəbov bildirib ki, ölkə prezidentinin sərəncamı ilə bu il "Türkmənistan - Böyük İpək Yolunun ürəyi ili" elan edilib. O deyib ki, tarixən çox böyük strateji əhəmiyyət daşıyan bu yol artıq yeni keyfiyyətdə bərpa olunur: "Bu tarixi yol iqtisadi, sosial layihələrin icrası üçün vacib yola çevrilir, enerji stategiyasının icrası üçün önəmli rol oynayır".
Diplomat hazırda ölkəsinin Əfqanıstan, Hindistan və Pakistan ilə birlikdə icra etdiyi TAPİ layihəsi barədə danışıb və bildirib ki, bu layihə sülh və danaşıqlı inkişafı üçün vacib rola malikdir.
Tədbirdə çıxış edən akademik Tulparxan Salavatov Azərbaycanla Türkmənistanın Xəzər dənizi ilə birləşdiyini deyərək Xəzərin ölkələri ayıran deyil, birləşdirən dəniz olduğunu deyib.