Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin birgə iclası keçirilib.
MM-dən APA-ya verilən məlumata görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iki ölkə arasındakı dostluq münasibətlərinin dərin tarixi köklərə əsaslandığını və hazırda yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. O, ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyətindən söz açıb, ikitərəfli münasibətlərdə mədəniyyət, elm və təhsil sahələrinin vacibliyindən danışıb.
Parlamentlər arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov isə ölkələr arasında fikir ayrılığının olmadığını deyib: “Rusiya və Azərbaycan arasında strateji əməkdaşlıq uğurla inkişaf edir. Ölkələrimizin ortaq sərhədi, tarixi var. Babalarımızın İkinci Dünya müharibəsində qələbəsi ortaq tarixi səhifələrimizdən biridir. Bu müharibədə qələbənin əldə edilməsində Azərbaycanın böyük rolu olub. Bakı nefti olmasaydı, Sovet İttifaqı qələbə qazana bilməzdi".
L. Kalaşnikov qeyd edib ki, Rusiya və Azərbaycan arasında humanitar sahədə də əməkdaşlıq yüksək səviyyədədir: “Azərbaycanda Lomonosov adına Moskva Dövlət və Seçenov adına Birinci Moskva Dövlət Tibb universitetlərinin Bakı filialları fəaliyyət göstərir. Burada rus dilinin qorunub saxlanılması üçün görülən işlər bizi sevindirir”.
İclasda çıxış edən Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, Azərbaycanda rus icmasının rəhbəri Mixail Zabelin diqqətə çatdırıb ki, Azərbaycanda fəaliyyət göstərən rus diasporu Qafqazda ən böyük diasporlardan biridir. “Burada 120 mindən çox rus yaşayır və onlar digər vətəndaşlarla bərabər hüquqlara malikdirlər. Azərbaycanda rus dili də geniş yayılıb. Lakin Ermənistanda isə demək olar ki, rus xalqının nümayəndələrinə rast gəlinmir, rus dilində danışılmır. Bütün bunlara baxmayaraq, bir sıra məsələlərdə Rusiyanın Ermənistanı dəstəkləməsi narahatlıq doğurur”.
İclasda çıxış edən Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Araz Əlizadə, Rusiya Dövlət Dumasının üzvləri Viktor Vodolatskiy, İvan Belekov, Yuriy Mişeryakov, Dmitriy Savelyev, Mixail Krotov və başqaları iki ölkə arasında münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşdülər, belə birgə tədbirlərin əhəmiyyətini xüsusi qeyd ediblər.