"Son iki il ərzində Azərbaycan və Macarıstan arasında strateji əməkdaşlıq mövcuddur".
Bunu APA-ya açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkeni deyib. O bildirib ki, iki ölkə arasında siyasi əlaqələr yaxşı səviyyədədir və dostluq çərçivəsində inkişaf edir.
Səfir qeyd edib ki, Macarıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün çoxlu imkanlar var: "Bu günlərdə bu sahədə əməkdaşlığın inkişafı üçün bir sıra layihələr üzərində işlər görülür. Düşünürəm ki, mədəniyyət, təhsil kimi sahələrdə də əlaqələrimiz yaxşı inkişaf edib. Bu ilin əvvəlində Azərbaycanda Macarıstan günləri keçirdik. Bu ildən etibarən Azərbaycan tələbələri üçün Macarıstanın yüksək səviyyəli institutlarında təhsil imkanı verən 200 təqaüd yeri təklif edilir. Xalqlarımız arasında əlaqələri inkişaf etdirmək üçün çalışırıq. Düşünürəm ki, yeni uğurlar üçün imkanlarımız çoxdur".
Diplomatın sözlərinə görə, növbəti il üçün Macarıstan və Azərbaycan arasında hökumətlərarası komissiyanın iclası keçiriləcək: "Bundan başqa, hər il olduğu kimi, gələn il üçün də yüksək səviyyəli səfərlər gözlənilir".