Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin deputatı Yan Zahradili qəbul edib.
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, spiker istər AŞPA-da, istərsə də Avropa Parlamentində Alyans üzvlərinin Azərbaycana yanaşmada obyektiv mövqe tutmasını yüksək dəyərləndirib.
O qeyd edib ki, Azərbaycan Avropa İttifaqı və onun qurumları ilə əməkdaşlığın hərtərəfli inkişafında maraqlıdır. Spiker bildirib ki, bu səfərin də münasibətlərimizi daha da dərinləşdirmək baxımından əhəmiyyətli olacağına ümidvardır.
Y. Zahradil isə rəhbərlik etdiyi Alyansın və Avropa Parlamentinin Cənubi Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini söyləyib. O qeyd edib ki, müxtəlif vaxtlarda Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlərdə müəyyən anlaşılmazlıqlar olsa da, tezliklə bu məsələlər aradan qaldırılıb, əlaqələrimizdə yeni dönəm başlayıb. Qonaq rəhbərlik etdiyi Alyansın Azərbaycanla bağlı məsələlərə həssaslıqla yanaşdığını xüsusi vurğulayıb. O bildirib ki, bölgə həqiqətlərinin olduğu kimi Avropa ictimaiyyətinə çatdırılması çox önəmlidir.
Sonra qonaqlar Milli Məclisin Avropa İttifaqı ilə əməkdaşlıq komitəsinin üzvləri görüşüblər. Komitənin həmsədri, deputat Cavanşir Feyziyev bildirib ki, Avropa Parlamenti ilə Milli Məclis arasında 2016-cı ildə münasibətlər bərpa olunandan və parlamentlərarası əməkdaşlıq komitəsinin tərkibi yenidən formalaşdıqdan sonra fəal şəkildə əməkdaşlığa başlanılıb. Y. Zahradil isə bildirib ki, uğurlu əməkdaşlığa töhfə vermək üçün Azərbaycana konkret təkliflərlə gəlib. O qeyd edib ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı Azərbaycanla hərtərəfli əməkdaşlıq edən yeganə qurumdur. Y. Zahradil əlavə edib ki, Azərbaycan parlamenti ilə qarşılıqlı səfərlərin daha da intensivləşdirilməsi münasibətlərimizə müsbət təsir edəcək.
Qəbulda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və digər rəsmi şəxslər iştirak edirdilər.