Azərbaycan prezidenti İlham Əliyev Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark İnnes-Braunun etimadnaməsini qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Dövlət başçısı bu gün həmçinin Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lars Henrik Pira Perezin etimadnaməsini qəbul edib. Səfir Lars Henrik Pira Perez fəxri qarovul dəstəsinin qarşısından keçib. O, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Görüşdə Azərbaycanla Qvatemala arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb və ölkələrimizin iqtisadi, sərmayə qoyuluşu, ticarət və mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində səy göstərməkdə maraqlı olduğu bildirilib. Görüşdə, həmçinin Azərbaycanla Qvatemala arasında əlaqələrin daha da genişləndirilməsi üçün ölkələrimizin bir-birini daha yaxından tanımasının və məlumatlandırılmasının zəruriliyi qeyd olunub.
Söhbət zamanı səfir Lars Henrik Pira Perez Bakı-Tbilisi-Qars dəmir yolunun yaxın günlərdə nəzərdə tutulan açılışı münasibətilə dövlət başçısını təbrik edib.