Bakı Forumu çərçivəsində terrorizmlə mübarizədə qalib gəlməyin yolları müzakirə olunub

Bakı Forumu çərçivəsində terrorizmlə mübarizədə qalib gəlməyin yolları müzakirə olunub
# 16 mart 2017 15:26 (UTC +04:00)

“Ərəb baharı inkişaf niyyətləri ilə baş qaldırsa da, sonra geriyə addım oldu”.

APA-nın məlumatına görə, bu sözləri İordaniya Senatının sədri Faysal əl Fayez V Qlobal Bakı Forumu çərçivəsində "Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?" adli panel müzakirəsində çıxışı zamanı deyib. O bildirib ki, İŞİD böyük təhlükə mənbəyidir: “Biz həm bu təşkilat, həm də onun düşüncə tərzi ilə mübarizə aparırıq. Bu qurum bəzi dövlətlərdən daha güclüdür. Terrorizm bütün bəşəriyyətə təhlükədir. Dini təbliğatın yenilənməsinə ehtiyac var. İslam dini düzgün təbliğ olunmalıdır”.

Fələstin baş nazirinin müavini Ziyad Əbu Əmr qeyd edib ki, dövlət terroru da nəzərdən qaçmamalıdır: “Bu gün Fələstinin işğalından 50 il keçir. Bu istiqamətdə böyük uğursuzluqlar müşahidə olunur və işğala son qoyulmur”.

Liviyanın xarici işlər naziri Mohammed Dayei Suriyada sülhün bərqərar olmasının vacibliyini vurğulayıb: “Bu, bütün dünyaya təsir edir. Liviya terror nəticəsində çox mənfi təsirə məruz qalıb. Terrorizmə qarşı mübarizə aparmaqla ölkələrə sabitlik gətirə bilərik. Lakin öz ərazimizdə bunun yolunu hələ tapmamışıq”.

İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini deyib ki, strategiya təkcə terrorizmə qarşı mübarizə ilə məhdudlaşmamalıdır: “Biz hələ yalnız adekvat cavab verməklə məşğuluq. Həqiqi müsəlman dininin terrorla heç bir əlaqəsi yoxdur. İŞİD sadəcə pul qazanmaq istəyir, dindən vasitə kimi istifadə edir. Müsəlman və islam terrorizmi barədə danışmaq səhvdir. Bu, sadəcə terrorizmdir. Bu sahədə Qərbin də səhvi var. Biz konstitusion modelimizi bu ölkələrə inteqrasiya etməməliyik. Ölkələrin fərqli tarixi və mədəniyyəti var. Terrorizmə qarşı mübarizədə daha çox silah deyil, daha çox liderlik nümayiş olunmalıdır”.

İranın keçmiş xarici işlər naziri Mənuçöhr Möttəki qeyd edib ki, yeni terrorizm qloballaşma prosesinin əks təsirlərindən biridir: “Qloballaşmanın müsbət tərəfləri ilə yanaşı, ekstremizm kimi qaranlıq tərəfləri də ortaya çıxır. Bu proses nəticəsində terrorizm beynəlxalq fenomenə çevrilib və beynəlxalq nəticələrə malikdir. O, sərhədləri keçir və səsi konkret ölkədən gəlmir. İran terrorizmə qarşı mübarizədə müəyyən təcrübəyə malikdir. İran orta islam yolu seçib və elə bir dini təhsil var ki, gənclər onu seçir, cihada məhəl qoymur. İranda dini demokratiya mövcuddur. Gənclər səslərini səsvermə qutuları ilə eşitdirirlər, silaha üstünlük vermirlər. Bu isə ekstremizmin qarşısını alır”.

Əfqanıstanın keçmiş vitse-prezidenti Kərim Xəlili terrorizmin beynəlxalq asayişə ciddi təhdid olduğunu vurğulayıb: “Yaxşı koordinasiyalı mübarizəyə ehtiyac var. Bizim ilk növbədə islamla bağlı aydın tərifimiz olmalıdır. Sonra terrorizmə qarşı mübarizə aparmalıyıq. Terrorizmin silahı yalnız avtomatlar, bombalar deyil, həm də müasir texnologiyalar, sosial şəbəkələr və s.-dir. Terrorizmə qarşı qlobal müharibə digər müharibələrdən fərqlənir. Çünki hər hansı cəbhə yoxdur. Bu həm də “soyuq müharibə”yə bənzəyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR