Bu gün Qətər Dövlətinin Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində mərasim təşkil olunub.
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Qətərin ölkəmizdəki səfiri Yusif Bin Həsən Əl Sai deyib ki, Azərbaycan və Qətər arasında bütün müstəvilərdə yüksələn xətlə inkişaf etməkdə olan özünəməxsus qarşılıqlı münasibətlər mövcuddur.
Səfir bildirib ki, bu münasibətlər bitməkdə olan bu il ərzində də önəmli şəkildə inkişaf edib.
Tədbirdə çıxış edən fövqəladə hallar naziri, Azərbaycan-Qətər hökumətlərarası Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan tərəfdən həmsədri Kəmaləddin Heydərov bildirib ki, Qətər Dövləti müstəqilliyinin ilk illərindən etibarən uğurlu inkişaf yolu keçib, bir çox regional və qlobal problemlərin həllində mühüm rol oynayıb: "Bu istiqamətdə dünya ictimaiyyəti qarşısında ədalətli mövqe nümayiş etdirərək konstruktiv beynəlxalq əməkdaşlığa töhfə verib. Qətər, eyni zamanda, öz dinamik inkişafı sayəsində regionun və dünyanın rəqabətə dayanıqlı və ən zəngin iqtisadiyyatlarından birinə çevrilib".
Nazir deyib ki, Azərbaycan və Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələri mövcuddur: "İlk növbədə, onu qeyd etmək istərdim ki, xalqlarımızın dini və mədəni bağlılığı səbəbilə beynəlxalq aləmdə mövqelərimizin üst-üstə düşməsi ölkələrimizi bir birinə yaxınlaşdıran mühüm amillərdən biridir. Bu istiqamətdə, Azərbaycan və Qətər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir. Məmnunluq hissi ilə bildirirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Qətərin Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləməsini yüksək qiymətləndiririk".
Azərbaycan Qətər arasında ikitərəfli diplomatik əlaqələrin əsasının 1994-cü ildə qoyulduğunu qeyd edən K. Heydərov həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin bu əlaqələrin möhkəmlənməsinə şərait yaratdığını vurğulayıb: "2004-cü ildə Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən rəsmi səfər və bu səfər çərçivəsində iqtisadiyyat, mədəniyyət, turizm, səhiyyə və idman kimi sahələrdə imzalanmış müvafiq sənədlər ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə təkan verib.
2016-ci ilin mart ayında Qətər Dövlətinin Əmiri əlahəzrət Şeyx Təmim bin Həməd Al-Taninin Azərbaycana rəsmi səfəri və səfər zamanı əldə edilmiş razılaşmalar, iki ölkə arasındakı əlaqələrin sürətli inkişafı üçün möhkəm zəmin yaradıb. Hər iki dövlətin rəhbərləri səviyyəsində olan səmimi və yüksək etibara söykənən münasibətlər ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığın yüksək templərlə genişlənməsinə imkan yaradır".
Nazir bildirib ki, hazırda Azərbaycanla Qətər arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıq uğurla davam edir, əlaqələrin inkişafı üçün geniş imkanlar açılır: "Ölkələrimiz arasında iqtisadi, texniki, ticarət, kənd təsərrüfatı, turizm və sərmayələrin təşviqi istiqamətlərində bir sıra saziş və anlaşma memorandumları imzalanıb, münasibətlərin inkişafı üçün mühüm addımlar atılıb. 2016-cı ilin aprel ayında hər iki tərəfdən dövlət başçısının müdrik qərarı ilə fəaliyyətə başlamış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya çərçivəsində qısa zamanda görülmüş işlər, iki ölkə arasındakı iqtisadi-ticari əlaqələrin uğurlu inkişafına önəmli töhfə verib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə, cari ildə Qətər və Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsi müşahidə edilmiş və ticarət dövriyyəsi 30 dəfəyə yaxın artıb. Bu inkişafın sevindirici hal olduğunu qeyd etməklə yanaşı, iki ölkə arasında mövcud siyasi-strateji yaxınlıq və gələcək əməkdaşlıq potensialını nəzərə alaraq, əlaqələrimizin növbəti illərdə daha da genişlənəcəyinə ümidvar olduğumu bildirmək istərdim.
Əlavə olaraq qeyd etməliyəm ki, Azərbaycanla Qətər fövqəladə hallarla mübarizə və mülki müdafiənin təşkili sahəsində də əməkdaşlıq edir. Belə ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Qətərin müvafiq qurumları arasında sıx əlaqələr qurulub və mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirilib. Bu əməkdaşlığın hüquqi əsası olaraq, 2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” iki müvafiq qurumlar arasında əlaqələrin daha da möhkəmləndirilməsinə zəmin yaradıb".
K. Heydərov istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində gələcək əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyimi ifadə edib: "Bir daha bu əlamətdar bayram münasibətilə Qətər Dövlətini və onun xalqını, möhtərəm prezident İlham Əliyev və Azərbaycan hökuməti adından təbrik edir, Qətər xalqına əmin-amanlıq arzulayıram".