Brüsseldə 28 May Respublika Günü və Azərbaycanla Belçika arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş konsert və rəsmi qəbul keçirilib.
Azərbaycanın Belçikadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir səfirlik tərəfindən Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil olunub.
Belçika dövlət qurumları, Avropa İttifaqı təsisatları və Brüsseldə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi tədbir çərçivəsində ilk öncə çıxış edən Azərbaycanın Belçika Krallığındakı səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov Azərbaycan Demokratik Respublikasının milli tariximizdə tutduğu mühüm yerdən bəhs edib, cəmi 23 ay yaşamış bu respublikanın demokratik dəyər və prinsiplər əsasında fəaliyyət göstərdiyini vurğulayıb, bu zaman qadınlara səs hüququnun verildiyini, ölkə ərazisində yaşayan azlıqların milli parlamentdə təmsil olunduğunu xatırladıb, müasir Azərbaycan Respublikasının keçdiyi yol barədə danışıb.
Səfir Belçika və Azərbaycan əlaqələrinin 25 illiyinin vacib hadisə olduğunu qeyd edib, Belçikanın Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən olduğunu xatırladıb. O, ötən müddət ərzində iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq əlaqələrinin bərqərar olduğunu bildirib, siyasi və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına hər iki dövlətin rəhbərliyi tərəfindən verilən xüsusi dəstək barədə məlumat verib.
Belçika Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə baş direktoru Anik Van Kalster isə çıxışında Belçikanın Azərbaycan ilə əlaqələrinin inkişafına böyük önəm verdiyini vurğulayıb, ölkələr arasında uğurlu iqtisadi əməkdaşlığın aparıldığını bildirib, ikitərəfli səfər mübadilələrinin əhəmiyyətini önə çəkib, bu xüsusda Prezident İlham Əliyevin Belçikaya səfərlərini xüsusi qeyd edib.
Daha sonra Salman Qəmbərovun rəhbərlik etdiyi “Bakustik-caz” qrupunun konserti olub.
Tədbir iştirakçılarının şərəfinə ziyafət verilib.