Ümumçin Xalq Nümayəndələri Yığıncağının sədri Li Canşu ilə Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov arasında görüş keçirilib.
APA-nın “Xinhuanet” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Pekində baş tutan görüşdə ”Bir kəmər, bir yol” strategiyası çərçivəsində Azərbaycan-Çin arasındakı əməkdaşlıqdan da söz açılıb. Li Canşu bildirib ki, Çin ortaq müzakirələr və əməkdaşlıq çərçivəsində birgə inkişafa nail olmağın prinsiplərinə riayət etməyə və hər iki ölkənin də marağına uyğun olacaq sahələrdə yaxın əməkdaşlığı davam etdirməyə hazırdır. O deyib ki, Çin həmişə Azərbaycanın milli vəziyyətinə uyğun inkişaf yolunu və iqtisadi inkişaf, xalqın milli rifahı üçün cəhdlərini dəstəkləyib.
Çin təmsilçisinin sözlərinə görə, Ümumçin Xalq Nümayəndələri Yığıncağı Azərbaycan Milli Məclisi ilə əlaqələrə əhəmiyyət verir: “Ümid edirəm ki, hər iki qurum arasında idarəetmə təcrübəsi, təhsil, gənclər və turizm sahəsində əməkdaşlığın dəstəklənməsinə dair müxtəlif səviyyələrdə mübadilələr artırılacaq”.
Milli Məclisin sədri Oqtay Əsədov da öz növbəsində bildirib ki, Azərbaycan “Bir kəmər, Bir yol” layihəsini dəstəkləyən ilk ölkələrdən biridir və hər iki ölkə xalqının mənfəəti üçün Çinlə daha praqmatik əməkdaşlıq gözləyir. O əlavə edib ki, Mili Məclis iki ölkə arasında dostluq əlaqələrinə daha çox töhfə verməyə hazırdır.
Qeyd edək ki, Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətinin Çinə rəsmi səfəri iyunun 23-də başa çatacaq.