Azərbaycan Respublikasının Meksikadakı səfirliyinin binasında Azərbaycan mədəniyyəti və milli mətbəxinin təqdimatı keçirilib.
Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə ACD təşkilatının (Asociacion de Conyuges Diplomaticos) çoxsaylı üzvləri, həmçinin yerli KİV-lərin və bir sıra turizm şirkətlərinin nümayəndələri iştirak ediblər. 1982-ci ildən fəaliyyət göstərən ACD Meksikada akkreditə olunmuş səfir və diplomatik missiya nümayəndələrinin rəhbərlərinin həyat yoldaşları, burada yerləşən beynəlxalq təşkilatların nümayəndələrini, həmçinin Meksikanın nüfuzlu qadın rəsmiləri, siyasi və ictimai xadimləri, səfirləri, yerli QHT nümayəndələri və s. öz sıralarında birləşdirir.
Qonaqları salamlayan Meksikadakı səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxışında ölkəmizin tarixi və mədəniyyəti barədə məlumat verib, Azərbaycanın regionda tarixən proqressivliyi ilə seçildiyini və məhz Azərbaycanda Şərqin ilk demokratik dövlətinin yarandığını deyib. Azərbaycan diplomatı 26 il öncə müstəqilliyini bərpa etmiş ölkəmizin üzləşdiyi çətinliklərə baxmayaraq bütün sahələrdə əldə etdiyi sürətli inkişafı barədə danışıb, ölkəmizin dünyada öz layiqli yerini tutduğunu vurğulayıb. Ölkəmizin müxtəlif mədəniyyət və dinlərin bir yerdə yüz illərdə heç bir ayrıseçkiliyə məruz qalmadan yaşamasını qeyd edən nümayəndəmiz ölkə rəhbərliyinin bu sahəyə ayırdığı xüsusi diqqəti nəticəsində ölkəmizin multikulturalizm və mədəniyyətlər arası dialoqun dünya miqyaslı mərkəzlərindən birinə çevrildiyini deyib. Bundan əlavə ölkədə turist infrastrukturunun sürətlə inkişaf etdiyini vurğulayıb, həmçinin bu ildən fəaliyyətə başlamış ASAN Viza sistemindən danışıb.
Bundan sonra məşhur “National Geographic” kanalının “Hidden Cities Revealed” proqramının Bakıya həsr olunmuş filmi qonaqlara nümayiş edilib. Nümayişdən sonra, filmi böyük maraqla izləyən tədbir qonaqlarının ölkəmiz barədə çoxsaylı sualları cavablandırılıb. Qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamlarından ibarət süfrə təqdim olunub, Azərbaycanın milli mətbəxi ilə bağlı kitablar paylanılıb. Tədbir iştirakçıları Azərbaycanla daha yaxından tanış olmağa və barəsində daha geniş məlumatın öyrənilməsinə böyük maraq göstərib, bir çoxları ölkəmizə səyahət etmək arzusunu səsləndirib.