Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Monteneqronun xarici işlər və Avropaya inteqrasiya naziri Srcan Darmanoviçlə görüşüb.
XİN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Monteneqro arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli səfərlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi vurğulanıb.
Srcan Darmanoviç Azərbaycanın mürəkkəb regionda konstruktiv və sabitəşdirici rol oynadığını bildirib və tərəflər arasında mütəmadi yüksək səviyyəli dialoqu yüksək qiymətləndirib.
Nazirlər ölkələrimiz arasında imzalanmış çoxsaylı müqavilələrin önəmini qeyd ediblər.
Bakı-Tbilisi-Qars dəmir yolunun bu günlərdə istifadəyə verildiyini qeyd edən E. Məmmədyarov strateji əhəmiyyətli bu layihənin Avropanı Asiya ilə birləşdirən ən qısa və sərfəli yol olduğunu bildirib. S. Darmanoviç bu strateji layihə münasibətlə Azərbaycan tərəfini təbrik edib.
Həmçinin, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin strateji əhəmiyyəti qeyd edilib.
Görüşdə Azərbaycan şirkətlərinin Monteneqrodakı fəaliyyəti təqdir edilib və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğu bildirilib.
Qarşılıqlı sərmayə yatırımını təşviq etmək və iki ölkə arasında ticarət dövriyyəsini artırmaq məqsədilə biznes forumların keçirilməsinin vacibliyi vurğulanıb. Turizm, elm-təhsil, idman-gənclər, elm və texnologiya sahəsində ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan son danışıqlar prosesinə toxunan nazir E. Məmmədyarov, nizamlanma ilə bağlı ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktına əsaslanan ədalətli mövqeyini bir daha bəyan edib.
Montenegro naziri ölkəsinin münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyini bildirib.
Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
11.38
Azərbaycanda səfərdə plan Monteneqro xarici işlər naziri Srcan Darmanoviçlə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş başlayıb.
APA-nın məlumatına görə, görüş əvvəlcə təkbətək, sonra isə geniş formatda keçiriləcək.
Görüşdən sonra tərəflər mətbuata bəyanatla çıxış edəcəklər.