Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 99-cu ildönümü münasibətilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu geniş tədbir keçirib.
Konsulluqdan APA-ya bildirilib ki, tədbirdə ABŞ Dövlət Departamentinin Los Anceles nümayəndəliyinin rəhbəri Ceyms Paravonian və nümayəndəliyin əməkdaşları, Kaliforniya ştat qanunvericilərinin səlahiyyətli nümayəndələri, Los Anceles şəhər və vilayətinin təmsilçiləri, xarici dövlətlərin Los Ancelesdəki baş konsulları, müxtəlif Kaliforniya universitetlərinin professorları, yerli KİV təmsilçiləri, Azərbaycan, türk, yəhudi, İran, Koreya, Filippin, latino və digər icmalarının üzvləri iştirak ediblər.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Respublika Gününün Azərbaycan üçün xüsusi önəm daşıdığını, 99 il öncə məhz bu tarixdə İslam dünyasında ilk demokratik və dünyəvi respublikanın yaradıldığını qeyd edərək, bu möhtəşəm hadisənin Azərbaycan xalqının milli dövlətçilik ənənələrinin güclənməsində müstəsna rol oynadığını bildirib. 1991-ci ildə müstəqilliyinin bərpasından sonra keçən dövr ərzində ölkəmizin tərəqqisindən bəhs edən baş konsul prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətlə inkişaf edərək, bu gün regionun enerji, ticarət və nəqliyyat mərkəzinə çevrildiyini və beynəlxalq aləmdə mövqelərini gücləndirdiyini diqqətə çatdırıb.
N. Ağayev qeyd edib ki, bu gün multikulturalizm və dinlərarası dialoq sahəsində dünyanın əsas mərkəzlərindən hesab edilən Azərbaycan, müxtəlif önəmli beynəlxalq tədbirlərə ev sahibliyi edərək və dinlərarası harmoniyanı təşviq edən məqsədyönlü layihə və proqramlar həyata keçirərək, dinc və sülhpərvər dünyanın qurulması işinə öz töhfələrini verir.
2017-ci ildə Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünün qeyd olunduğunu qeyd edən baş konsul iki ölkə və xalq arasındakı münasibətlərin qarşıdakı illərdə daha da güclənəcəyinə ümidvar olduğunu bildirib.
Los Anceles Dinlərarası Şurasının sədri Yepiskop Xuan Karlos Mendez dinlərarası tolerantlıq və harmoniya sahəsində Azərbaycanın gözəl bir nümunə olduğunu qeyd edib.