Bank Of Baku

Seulda Respublika Günü və Azərbaycan-Koreya əlaqələrinin 25-ci ildönümü ilə əlaqədar qəbul keçirilib

Seulda Respublika Günü və Azərbaycan-Koreya əlaqələrinin 25-ci ildönümü ilə əlaqədar qəbul keçirilib
# 26 may 2017 12:57 (UTC +04:00)

28 May Respublika Günü və Azərbaycan-Koreya diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü münasibətilə Seulda rəsmi qəbul keçirilib.

 

Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Koreyanın dövlət və hökumət rəsmiləri, Seulda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, kütləvi informasiya nümayəndələri, Koreyanın aparıcı şirkətlərinin təmsilçiləri, Koreyada təhsil alan Azərbaycanlı tələbələr və diaspora nümayəndələri iştirak ediblər.

 

Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov çıxış edərək 28 May-Respublika Gününün önəm və əhəmiyyətindən danışıb, tədbir iştirakçılarını Azərbaycan Demokratik Respublikasının tarixi və həmin dövrdə əldə olunmuş nailiyyətlər barədə məlumatlandırıb.

O, Azərbaycan Demokratik Respublikasının mövcudluğunun uzun sürmədiyini və Qızıl Ordunun işğalı nəticəsində Azərbaycanın 70 il Sovet İttifaqının tərkibində mövcud olduğunu qeyd edib. Səfir 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini çətinliklə və qurbanlar hesabına bərpa etdiyini, lakin müstəqilliyin ilk illərində siyasi və iqtisadi problemlərlə yanaşı Ermənistanın Azərbaycana qarşı işğalına məruz qaldığını söyləyib, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində Azərbaycanın çətin vəziyyətdən xilas olduğunu və özünün inkişaf mərhələsinə qədəm qoyduğunu qonaqların diqqətinə çatdırıb.

 

R. Teymurov Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın bu gün bütün dünyada hörmətlə qarşılanan bir ölkəyə çevrildiyini, Azərbaycanın özünü sabit və multikultural ölkə, regional inkişafa və təhlükəsizliyə töhfə verən əhəmiyyətli beynəlxalq tərəfdaş kimi təqdim edə bildiyini qonaqların diqqətinə çatdırıb.

 

Səfir həmçinin Azərbaycanla Koreya arasında 25 illik diplomatik əlaqələrinə toxunaraq, ötən 25 ildə ölkələrimizin möhkəm ikitərəfli əlaqələr qurmağa nail olduğunu, ikitərəfli əlaqələrin vacibliyinin ölkə başçılarının diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə qarşılıqlı təbrik məktubları vasitəsilə qeyd edildiyini vurğulayıb.

 

Sonra Koreya ticarət, sənaye və enerji nazirinin müavini Li İnho Koreya hökuməti adından Azərbaycan xalqını Respublikanın 99-cu ildönümü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təbrik edib. Li İnho Koreyanın yeni hökumətinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə mühüm töhfə verəcəyini əminlik ifadə edib.

 

Tədbirin keçirildiyi mehmanxananın lobbisində Azərbaycan və Koreya arasında diplomatik əlaqələrindən və Azərbaycanın gözəlliyindən bəhs edən fotoşəkillərdən ibarət sərgi təşkil olunub. Tədbirdə Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş rəsmi loqo və SEBA Assosiasiyası ilə səfirliyin birgə hazırladığı qısa film nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR