Avropa İttifaqı ilə saziş daha da zənginləşdirilə bilər.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu gün Azərbaycanın Aİ üçün əsas ticarət tərəfdaşı olması məmnunluqla qeyd olunub: “Bizim ticarət dövriyyəmiz təqribən 20 milyard dollar təşkil edir. İlk olaraq enerji sahəsində əməkdaşlığı qeyd etmək istərdik. Uzun illər Azərbaycan Aİ ölkələri üçün etibarlı xam neft təchizatçısı olub. Daha sonra Cənub Qaz Dəhlizinin 2-ci fazasının yekunlaşdırılması ilə ilk dəfə Xəzər bölgəsindən Avropa ölkələrinə qaz təchizatına start verilib. Ukrayna müharibəsindən sonra Azərbaycandan Avropa ölkələrinə qaz təchizatı əhəmiyyətli dərəcədə artırılıb. Bu gün 12 ölkəyə Azərbaycan qazı təchiz edilir. Bu istiqamətdə mövcud əməkdaşlıq və onun perspektivləri müzakirə edilib”.