13-17 iyul tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində iştirak etmək məqsədilə Nyu-York şəhərində səfərdə olub.
XİN-dən APA-ya verilən xəbərə görə, nazirlər seqmentində çıxışı zamanı Fariz Rzayev Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə sadiqliyini təsdiqləyərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində əldə olunmuş irəliləyişlərdən bəhs edib.
O, Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə ağıllı və yaşıl şəhər və kəndlərin qurulduğunu, keçmiş məcburi köçkünlərin mərhələli qayıdışının təmin edildiyini bildirərək, humanitar minatəmizləmənin dayanıqlı inkişaf üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Nazir müavini, həmçinin Azərbaycanın COP29-a, 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi, eləcə də humanitar yardım və texniki əməkdaşlıq vasitəsilə qlobal dayanıqlı inkişafa verdiyi töhfələri qeyd edib.
BMT Baş Assambleyasının “Gələcək üçün Pakt üzrə mövcud vəziyyətin qiymətləndirilməsi” mövzusunda keçirilmiş qeyri-rəsmi nazirlər iclasında çıxış edən Fariz Rzayev Gələcək üçün Paktın praktiki icraya, milli prioritetlərə və konkret nəticələrə yönəlməsinin vacibliyini vurğulayıb. İnkişaf etməkdə olan ölkələr üçün maliyyə, texnologiya transferi və bərabər tərəfdaşlığa əsaslanan çoxtərəfli əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
O, eyni zamanda, Azərbaycanın enerji və bağlantılar sahələrində etibarlı tərəfdaş kimi rolu barədə məlumat verib.
Forum zamanı BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən keçirilmiş tədbirdə çıxış edən Fariz Rzayev Komissiya və BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) regionda dayanıqlı inkişafın və iqtisadi əməkdaşlığın təşviqində mühüm rolunu vurğulayıb. Nazir müavini ESCAP-ın 82-ci sessiyasının sədri qismində Azərbaycanın bu fəaliyyətə töhfə verməyə davam edəcəyini bildirərək, SPECA-nın nəqliyyat, ticarət, rəqəmsallaşma, enerji və innovasiya sahələrində praktiki əməkdaşlığın inkişafına dəstək göstərə biləcəyini qeyd edib.
Daha sonra “Milli Dayanıqlı İnkişaf Məqsədləri: Partlamamış hərbi sursatlar/Mina fəaliyyəti və beynəlxalq hüquqi mexanizmlərdən istifadə edilməklə 2030 Gündəliyinin sürətləndirilməsi” adlı tədbirdə çıxış edən Fariz Rzayev humanitar minatəmizləmənin ölkəmizdə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edildiyini bildirib və münaqişədən sonra işğaldan azad edilmiş ərazilərdə minaların yaratdığı təhlükələrdən, onun bərpa-quruculuq işlərinə, məcburi köçkünlərin qayıdışına maneələrindən bəhs edib.
Nyu-York şəhərinə səfəri zamanı Fariz Rzayev, həmçinin bir sıra ölkələrin xarici işlər nazirlərinin müavinləri və BMT yanında daimi nümayəndələri ilə işgüzar görüşlər keçirib, eləcə də elmi-tədqiqat mərkəzlərinin təmsilçiləri ilə dəyirmi masa müzakirələrində iştirak edib.