Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya səfirinin Zəngəzur dəhlizi ilə bağlı İran XİN-ə çağırılmasına da toxunub.
APA-nın Moskva müxbiri xəbər verir ki, o, bugünkü brifinqdə bildirib ki, bu məsələ əslində başqa cür olub.
“İranlı deputatlarının bəyanatlarını görmüşəm, hansı ki, həmin bəyanatlarda onlar Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini tənqid ediblər. İran tərəfinin reaksiyası ilə bağlı nə deyə bilərəm? Biz tərəfdaşlarımızla daimi təmasdayıq. Biz bu mövzu ilə bağlı bütün aydınlaşdırmaları təqdim etmişik. Hesab edirik ki, bizim tərəfimizdən gətirilən arqumentlər Tehranda eşidilib və qəbul edilib”, - Rusiya XİN rəsmisi qeyd edib.
O, məlum mövzu ilə əlaqədar İranda anti-Rusiya informasiya kampaniyasının müəyyən dairələr tərəfindən aparıldığını, həmin dairələrin Moskva ilə Tehran arasında genişlənən strateji tərəfdaşlıq münasibətlərinə maneə olmaq üçün hər fürsətdən istifadə etdiyini vurğulayıb. Zaxarova bunları təxribat adlandırıb və bunda Qərbin əlinin olduğunu bəyan edib: “Ona görə ki, vəziyyətin bu cür inkişafından, bu cür informasiya kampaniyasından ancaq qərblilər udur”.
***
17:41
Rusiya Xarici İşlər Nazirliyi (XİN) İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı Rusiyaya etirazlarına münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə 10 noyabr 2020-ci il bəyanatının müddəaları ilə bağlı mövqeyi rəsmi Tehranın nümayəndələrinə çatdırdıqlarını bildirib.
“Biz öz mövqeyimizi ətraflı bildirmişik. Biz eləcə də bu mövqeyimizi diplomatik kanallarla Tehrana da çatdırmışıq. Rusiyanın region ölkələrinin suverenliyinə hörmətlə bağlı mövqeyində heç bir uyğunsuzluq yoxdur və ola da bilməz. Təkcə region ölkələrinin suverenliyinə deyil, ümumiyyətlə, ölkələrin suverenliyinə hörmət bizim baza prinsipimizdir”, - Rusiya XİN sözçüsü vurğulayıb.