“Brüssel görüşündən gəlinən nəticə bunu deməyə əsas verir ki, proseslər rəsmi Bakının maraqlarına uyğun inkişaf edir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədri bildirib ki, Avropa İttifaqının Prezidenti Şarl Mişelin ikinci Brüssel görüşünün yekunları ilə bağlı bəyanatından aydın olur ki, konkret məsələlərlə bağlı artıq konkret razılaşmalar əldə olunub: “Birincisi, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyini vurğulayan Aİ Prezidenti bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi bəyanatına uyğun olaraq, aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsinin razılaşdırıldığını qeyd edib. Birgə Sərhəd Komissiyasının mandatına Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi daxildir. Artıq Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yaranıb. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib”.
Deputat diqqətə çatdırıb ki, sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT Minsk qrupunun həmsədrlik institutuna istinad yoxdur: “Bu onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır. Həmçinin, münaqişə həll olunduğuna görə ATƏT-in Minsk qrupu lazımsız təsisata çevrilib, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb. Bu da onu göstərir ki, proses Azərbaycanın müəyyənləşdirdiyi gündəm üzrə inkişaf edir. Diqqət çəkən başqa bir məqam Brüssel görüşündə və Aİ Prezidentinin bəyanatında son vaxtlar Fərrux kəndi ətrafında yaşanan gərginliyə toxunulmamasıdır. Avropa İttifaqı da, onun lideri də Qarabağda baş verənlərin artıq Azərbaycanın daxili işi kimi qəbul etmiş görünür”.
Ziyafət Əsgərov vurğulayıb ki, Aİ-nin məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır: “Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir. Hazırda Ermənistanda gedən müzakirələr də göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir, Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır”.